Bakıda Azərbaycan Beynəlxalq Müdafiə “ADEX
Digər xəbərlər

Bakıda Azərbaycan Beynəlxalq Müdafiə “ADEX" və “Securex Caspian" sərgilərinin açılış mərasimi keçirilib

Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində 4-cü Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgilərinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, "ADEX" sərgisi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Tədbirin təşkilati işlərinin icrası "Caspian Event Organisers" şirkətinə həvalə edilib.  

Sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov, Azərbaycan Silahlı Qüvvələrinin komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə və xidmət rəisləri, Müdafiə Sənayesi Nazirliyinin struktur rəhbərləri və xarici nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev sərginin iştirakçılarını salamlayaraq işinə uğurlar arzulayıb.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubunu oxuyub.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, "ADEX" müasir silah və texnikanın sərgisi pandemiyanın yaratdığı məcburi fasilədən sonra baş tutur. Sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərdən sonra ilk dəfə keçirilir. Sərgidə Azərbaycan Ordusunun Qələbəsində müstəsna rol oynamış ölkənin hərbi-sənaye kompleksinin gücü və qüdrəti, müasir silahlar nümayiş etdirilir.

Burada ümumilikdə 1000-dən artıq silah-sursat istehsal edən Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələrinin 179 adda məhsulu sərgilənir.

İki yüzdən çox şirkəti bir araya gətirən "ADEX" Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq sahəsini əhatə edib. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə sektorunun aparıcı şirkətləri var. İlk dəfə İordaniyadan olan şirkətlər də qatılıb. Bu il 10-a yaxın ölkə milli stendləri ilə iştirak edir. Bir çox ölkələr öz milli ekspozisiyalarının sahələrini artırıblar. Ümumilikdə sərgidə 2 mindən çox silah-sursat və hərbi texnika nümayiş olunur.

Sərginin baş sponsoru "Jadara Equipment & Defense Systems", qızıl sponsoru "Turkish Aerospace", bürünc sponsoru isə "ASFAT" şirkətidir.

"ADEX-2022" sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və sair sektorlar təmsil olunur.

Müasir silah və texnika sərgisi olan "ADEX" Azərbaycan Respublikasının və dünya şirkətlərinin hərbi-sənaye kompleksinin gücünü və qüdrətini nümayiş etdirir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin stendləri Bakı Ekspo Mərkəzinin birinci, üçüncü zallarında və açıq sahəsində yerləşdirilib. Burada yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş etdirilir. Peşəkarlar ölkənin müdafiə kompleksindəki yeniliklərlə, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin mövcud və artmaqda olan imkanları ilə tanış ola biləcəklər.

Sərginin açıq sahəsi xüsusi diqqətəlayiqdir, burada hərbi maşınlar, pilotsuz uçuş aparatları, hava hücumuna qarşı sistemlər təqdim olunur.

Ənənəvi olaraq sərgiyə xarici ölkələr "ADEX-2022"ə öz nümayəndə heyətlərini göndərib. Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən "ADEX" sərgisinə göstərilən böyük maraq Azərbaycanın mühüm strateji tərəfdaş kimi yüksək rolunu və əhəmiyyətini bir daha təsdiqləyir.

Sərgidə müasir silah növlərinin genişmiqyaslı nümayişi Silahlı Qüvvələrin texniki cəhətdən yenidən təchiz olunmasına töhfə verəcək, konstruktiv ünsiyyətə, təcrübə mübadiləsinə, texniki sahədə yerli və xarici mütəxəssislər arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradacaq.

 "ADEX"lə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirilən 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə "Securex Caspian" sərgisi də keçirilir. Qeyd olunan sərgi Müdafiə Sənayesi Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin dəstəyi ilə təşkil olunur. Bu sərgi əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi üçün əlverişli şəraitin yaradılmasına töhfə verəcək və dövlətin, cəmiyyətin, vətəndaşların daxili təhlükəsizliyinin təmin edilməsi üçün tətbiq olunan problemlərin həllinə kömək göstərəcək. "Securex Caspian" sərgisində siqnalizasiya və əhalini xəbərdaretmə vasitələri, kriminalistik optik alətlər, qəza-xilasetmə vasitə və avadanlıqları, yanğın təhlükəsizliyi avadanlığı və sair bölmələr təqdim olunur.

"ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgilərin keçiriləcəyi üç gün ərzində Azərbaycanın işğal olunmuş ərazilərinin minalardan təmizlənməsi mövzusunda, pilotsuz sistemlərinin inkişaf perspektivləri və tətbiq sahələri üzrə, müasir silah sistemləri, sursatlar və onların təyinatı, zirehli döyüş nəqliyyat vasitələrinin müasir döyüş mühitində rolu və başqa aktual mövzular üzrə sessiyalar keçiriləcək. Həmçinin sərgi çərçivəsində startapların təqdimatları nəzərdə tutulub. Bundan başqa, sərgi iştirakçıları ilə beynəlxalq heyətlərin, həmçinin Azərbaycanın müvafiq qurumlarının nümayəndələri arasında ikitərəfli görüşlər keçiriləcək. Beləliklə, "ADEX" sərgisi beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində ən müasir silahların nümayişi və yeni müqavilələrin bağlanması üçün əla platformaya çevriləcək. Sərginin proqramı ilə www.adex.az/ rəsmi internet saytında tanış olmaq olar.

AZƏRTAC