Bakıda dünyanın ən dəhşətli metro faciəsindən 27 il ötür
Digər xəbərlər

Bakıda dünyanın ən dəhşətli metro faciəsindən 27 il ötür

1995-ci il oktyabrın 28-i Bakı metropoliteninin tarixində  unudulmayan gündür

1995-ci il oktyabr ayının 28-də axşam saat 18:00 radələrində Bakı metropoliteninin "Ulduz" stansiyasından "Nərimanov" stansiyası istiqamətində hərəkət edən qatarda baş vermiş dəhşətli yanğın hadisəsindən 27 il ötür. Bu hadisə itkilərinin sayına görə dünya metropolitenləri tarixinin ən dəhşətli faciəsi hesab edilir. Belə ki, Bakı metrosunda “Ginnesin Rekordlar Kitabı”na düşən dəhşətli yanğında qatarı tərk edənlərin çoxu sağ qalsa da, 289 nəfər həyatını itirdi. Onların 286-sı sərnişin, 3-ü isə xilasedici idi. Faciə qurbanlarının 28-i uşaq oldu. Qəzada 270 nəfər  müxtəlif xəsarətlər alaraq ağır yaralandı. Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlandı. Maşinistin qatarı tuneldə saxlaması, insanların isə təşviş içində vaqonlardan çıxıb qaçması çoxsaylı tələfata səbəb oldu.

Bu hadisədən bir il öncə Bakı metropolitenində iki terror hadisəsi baş vermişdi. 1994-cü il martın 19-da metronun “20 Yanvar” stansiyasında qatarda törədilən partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər ağır xəsarətlər almışdı. Azərbaycanın hüquq-mühafizə orqanları bunun terror aktı olduğunu və Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını bildirmişdilər. Rəsmi məlumata görə, hadisəni separatçı “Sadval” hərəkatının üzvləri törətmişdilər.

1994-cü il iyulun 3-də isə Bakı metropoliteninin “28 May” və “Gənclik” stansiyaları arasında qatarda növbəti partlayış baş verdi. Bu hadisədə 13 nəfər həlak oldu, 42 nəfər isə yaralandı. Hüquq-mühafizə orqanları bu hadisənin də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən  təşkil edildiyi qənaətinə gəlmişlər.

1995-ci ildə tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərildi.

Həmin vaxt  C.Naxçıvanski adına Hərbi Liseyin zabiti, baş leytenant Çingiz Babayev də sərnişinlər arasında idi. Çingiz ilk andan fəryad qoparan insanları xilas etmək üçün təcili tədbir görməyi qərara alır. O, qatarda onunla yol gedən kursantları Nicat Səfərovu, Ruslan İsayevi və Samir Məmmədovu səfərbər edib, odun-alovun içinə atılır. Cəsur zabitin göstərdiyi misilsiz təşkilatçılıq və fədakarlıq nəticəsində onlarla insan ölümdən xilas olur. Ancaq özü amansız ölümün pəncəsindən qurtula bilmədi, başqalarının həyatı uğrunda öz həyatını qurban verdi.

Baş vermiş hadisənin daha da böyüməsinin qarşısının alınmasında, sərnişinlərin xilasında və təxliyəsində "Ulduz” stansiyasının, həmçinin digər metropoliten işçilərinin, polis işçilərinin cəsarətli hərəkətlərinin, təşəbbüskarlığının və çevikliyinin böyük rolu olub.

Onu da əlavə edək ki, hadisə baş verəndən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqa müraciət edərək dərin hüznlə başsağlığı verib, günahsız insanların xatirəsinə ölkədə ikigünlük matəm elan olunub. Dövlət başçısının fərmanı ilə komissiya təşkil edilib, ekspertizaya dünyanın 12 ölkəsinin mütəxəssisləri cəlb olunub. Nəticə olaraq, hadisə texniki qəza kimi qiymətləndirilib.

Ümummilli lider Heydər Əliyevin 3 noyabr 1995-ci il tarixli fərmanı ilə Çingiz Babayevə Milli Qəhrəman adı verilib, kursantlar - 15 yaşlı Nicat Mürvət oğlu Səfərov, 17 yaşlı Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov "İgidliyə görə’’ medalı ilə  təltif olunublar.

Həmin faciədən 27 il keçməsinə baxmayaraq, Bakı metropolitenində bu tarix yaddaşlara həkk olunub. Hələ 27 il öncə ümummilli lider Heydər Əliyevin dediyi kimi, göstərdikləri şücaət onların böyük vətənpərvər olduğunu nümayiş etdirdi. Bakı metropoliteni bu gün də  Vətən oğulları ilə fəxr edir.

Bu gün metroda sərnişinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dünyanın aparıcı ölkələrinin metropolitenlərində quraşdırılmış sistemlərə uyğun, müasir texnologiyalar nəzərə alınmaqla Bakı metropoliteninin stansiyalarında təhlükəsizlik və videomüşahidə şəbəkəsi yaradılıb, vaqonlarda kameralar quraşdırılıb.

                                                                                                              M.MİRZƏ,

                                                                                                                “Respublika”.