Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu
Digər xəbərlər

Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə Avropa İttifaqının (Aİ) "Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi" Tvinninq Layihəsi çərçivəsində Bakıda ilk dəfə Bitki Sağlamlığı Forumu keçirilib.

Beynəlxalq Forumun məqsədi bitki sağlamlığı və bitki mühafizəsi məsələlərinə diqqəti yönəltmək, bu sahədə planlaşdırılan dəyişikliklər, o cümlədən yaxın gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sisteminin institusional dəyişikliyi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən söz açıb. Qlobal və milli səviyyədə bitki mühafizəsinin önəminə diqqət çəkən sədr qeyd edib ki, bitki sağlamlığının təmin olunması məhsuldarlığın yüksəldilməsi, beynəlxalq ticarətin asanlaşdırılması və ekoloji tarazlığın qorunması üçün olduqca əhəmiyyətli məsələyə çevrilir. Bunu nəzərə alaraq, ötən dövr ərzində ölkəmizdə də bitki sağlamlığı və bitki mühafizəsi sahələrində hüquqi bazanın təkmilləşdirilməsi, müvafiq sahədə nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, Bakı və regionlarda müasir tələblər əsasında ən mürəkkəb analizlərin aparılması məqsədilə 5 fitosanitar laboratoriya qurulub, nəzarət sahəsində ilk dəfə virusoloji və bakterioloji müayinələr aparmağa imkan verən molekulyar-bioloji bölmələri yaradılıb. Bitki sağlamlığı sahəsində ölkə üzrə idxal tələbləri, həmçinin beynəlxalq standartlar əsasında bir sıra fitosanitar norma və qaydaları hazırlanaraq hüquqi aktların dövlət reyestrinə daxil edilib, 30-dan çox karantin tətbiq edilən zərərvericinin risk təhlili aparılıb, 23 ölkəyə virus və bakteriyalarla bağlı yeni idxal tələbləri göndərilib, 5 ölkə ilə beynəlxalq sənəd imzalanıb. Bundan əlavə, ilk dəfə olaraq ölkədə zərərvericilərin mövcudluğunun və yayılma arealının müəyyənləşdirilməsi məqsədilə Milli Monitorinq Planı hazırlanaraq uğurla icra olunub.

Q.Təhməzli forum iştirakçılarını AQTA tərəfindən həyata keçirilən innovativ həllər barədə də məlumatlandırıb: "Ölkəmizə idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatların idxal prosesi daha da təkmilləşdirilərək elektron sistem vasitəsilə həyata keçirilir. Elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, artıq respublika ərazisinə sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyil. Belə ki, AQTİS-ə tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir. Bu da öz növbəsində ölkəmizə yalnız qeydiyyata alınmış və dövriyyəsinə icazə verilmiş məhsulların idxal olunmasını təmin edir".

Müvafiq sahədə yeni çağırışlar və perspektivlərə də toxunan sədr əlavə edib ki, qarşıda bitki sağlamlığı sahəsində hüquqi islahatların dərinləşdirilməsi və beynəlxalq tələblərə tam uyğunlaşdırılması, fitosanitar nəzarət və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və innovativ həllərin geniş tətbiqi, özəl sektorun bitki sağlamlığının təmin olunmasında rolunun və məsuliyyətinin artırılması məqsədilə müvafiq mexanizmlərin formalaşdırılması kimi mühüm hədəflər dayanır.

 Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bitki sağlamlığı iqlim dəyişikliyi, qlobal istiləşmə kimi çağırışlar fonunda bütün dünyanın diqqət mərkəzində olan məsələdir. Azərbaycan bitki mühafizəsi işinin səmərəli təşkili istiqamətində mühüm addımlar atmış ölkələrdən biridir. Bu sahədə beynəlxalq qurumlarla sıx əməkdaşlıq edilir, ətraf mühitə və insanlara zərər vermədən bitki mühafizəsinin təşkili istiqamətində fəaliyyət davam etdirilir. Bitki sağlamlığına nail olmaq üçün yüksək texnologiyaların, innovativ yeniliklərin aqrar sahədə tətbiqini genişləndirmək lazımdır.

Həmin istiqamətdə də bir sıra addımların atıldığını qeyd edən İnam Kərimov deyib: "Meyvəçilik rayonlarında quraşdırdığımız iqlim stansiyaları fermerlərimizə bitki xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərini vaxtında həyata keçirmək imkanı verir. İqlim stansiyaları bitkilərin inkişafı prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən innovativ sistemdir. Sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayır və bu məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur. Pilot layihə çərçivəsində 60-a yaxın kəndi əhatə edən 5 stansiyadan əldə olunan məlumatlar əsasında mümkün risklərlə bağlı 10 minə yaxın fermerə SMS göndərilir. Bu da fermerlərin xəstəliklərə qarşı vaxtında mübarizə tədbirləri aparmasını mümkün edir".

İnam Kərimovun sözlərinə görə, bitki sağlamlığı ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bitki xəstəliklərinə qarşı mübarizənin düzgün təşkili sağlam məhsul əldə etməyin əsas şərtidir. Sağlam və bol məhsul əldə etmək həm ərzaq təhlükəsizliyini təmin etmək, həm də kənd təsərrüfatı məhsullarının ixracını artırmaq baxımından vacibdir. Həmin istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə koordinasiya olunmuş birgə tədbirlər həyata keçirir.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sözlərinə görə, hazırda dünyada baş verən qlobal iqlim dəyişikliyi, yağıntıların azalması, havaların mövsümə uyğun keçməməsi və digər amillər bitkilərin vegetativ inkişafına mənfi təsir göstərməkdədir. Əlverişsiz stabil şəraitin davamlı olması zərərli orqanizmlərin aktivləşməsinə, onların yayılma areallarını genişləndirməsinə və bütövlükdə fitosanitar vəziyyətin pisləşməsinə səbəb olur.

Nazir bildirib ki, Azərbaycan azmeşəli ölkə olmaqla cəmi 12 faiz meşə ilə örtülü əraziyə malikdir. Bu baxımdan əsas prioritet istiqamətlər meşələrin sahəsinin artırılması, mühafizəsi və onlardan davamlı istifadənin təmin edilməsidir. Meşələrin vəziyyətinin yaxşılaşdırılması və onların qorunması istiqamətində irimiqyaslı meşəbərpa və meşəsalma tədbirləri həyata keçirilir. Lakin təbii meşə sahələrinin azalması, onların cins tərkibinin dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi tendensiyası hələ də müşahidə edilməkdədir. Bunun əsas səbəblərindən biri də zərərli orqanizmlərin təsiri nəticəsində fitosanitar vəziyyətin pisləşməsidir. Zərərli orqanizmlərin ölkədəki yabanı bitki növləri areallarına və mədəni bitki növlərinin becərildiyi əkin sahələrinə vurduğu ziyanın qarşısının alınması üçün kənd təsərrüfatı, meşə sahələrində və digər yaşıllıq ərazilərdə zərərli orqanizmlərdən mühafizə məqsədilə kompleks tədbirlər təşkil olunmaqdadır. Belə ki, xəstəliklər bəzi bitki növləri üçün ciddi təhlükə mənbəyi hesab olunur. Buna görə də bitki sağlamlığının təmin olunmasına xüsusi diqqət göstərilməlidir. Bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi və zərərli orqanizmlərə qarşı aparılan mübarizənin effektivliyinin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən ibarət birgə işçi qrupu fəaliyyət göstərməkdədir. Kənd təsərrüfatı və qida sektorunun əsas aparıcı qüvvəsi özəl sektorudur. Bu baxımdan qida təhlükəsizliyinin təmin olunmasında, həmçinin xəstəliklərə və zərərvericilərə qarşı mübarizə tədbirlərinin görülməsində dövlət qurumları ilə yanaşı, özəl təşkilatlar, iri şirkətlər və sahibkarlar da aktiv rol oynamalıdırlar. Düşünürəm ki, bitki sağlamlığı ilə bağlı problemlərin həlli istiqamətində bütün maraqlı tərəflərin əməkdaşlığı qarşıda duran hədəflərə çatmağa imkan verəcək.

Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev dünya miqyasında bitki sağlamlığının önəminin artdığını, bitkilərin zərərvericilərdən və xəstəliklərdən mühafizəsinin qarşıya yeni vəzifələr qoyduğunu diqqətə çatdırıb.

Komitə sədri Azərbaycanda aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması üçün təsirli tədbirlər həyata keçirildiyini qeyd edərək deyib: "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilən aqrar siyasət strategiyası, bu sahədə həyata keçirilən islahatlar, yeni mülkiyyət münasibətlərinin yaradılması və sahibkarlığın formalaşması, aqrar bölməyə dövlət himayəsinin genişləndirilməsi Azərbaycanın müəyyən çətinliklərdən qorunması üçün zəmin yaradır. Belə ki, görülən məqsədyönlü tədbirlər nəticəsində hazırda ölkəmiz buğda və bəzi heyvandarlıq məhsulları istisna olmaqla əsas məhsullar üzrə idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib.

Hər bir sahədə işlərin uğurla və qanunauyğun aparılması hüquqi bazanın yaradılmasını təmin edir. Bu baxımdan qanunvericilik sahəsində də önəmli addımlar atılır. Milli Məclisin mayın 5-də keçirilən iclasında qida təhlükəsizliyi haqqında qanun layihəsi üçüncü oxunuşda qəbul edildi. Bununla da ölkənin qida təhlükəsizliyi sisteminin tənzimlənməsi beynəlxalq hüququn normalarına və qaydalarına uyğunlaşdırıldı. Həmin qanun hazırda qida təhlükəsizliyinin təmin olunmasında çox vacibdir və Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında böyük rol oynayacaq.

Ötən illər ərzində istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda çoxsaylı dəyişikliklər, yeni yanaşmalar baş verib. Müəyyən qanunlar, norma və prinsiplər yenidən işlənərək təkmilləşdirilib. Həmin dəyişikliklərin bitki sağlamlığının tənzimlənməsi sahəsində də öz əksini tapması məqsədəuyğundur. Azərbaycanda bitki sağlamlığı sisteminin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi istiqamətində görülən işlərə Avropa İttifaqının dəstəyinin davam etdirilməsi təqdirəlayiqdir. Həmin əməkdaşlığın Azərbaycanda regional miqyasda bitki sağlamlığı, bununla da ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəyinə əminəm".

Avropa İttifaqının ölkəmizdəki səfiri Peter Mixalko, Latviya Respublikasının kənd təsərrüfatı nazirinin müşaviri Edvards Ratnieks, Litvanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidmətinin direktoru Sergeyus Fedotovas çıxış edərək bitki sağlamlığınin kainat üçün əhəmiyyəti və bitki mühafizəsi üzrə zəruri tədbirlər haqda fikirlərini bölüşüblər.

Daha sonra 12 may Beynəlxalq Bitki Sağlamlığı günü ilə əlaqədar olaraq videoçarx nümayiş etdirilib.

Forum işini iki sessiya üzrə davam etdirib. Sessiyalarda "Azərbaycanda bitki mühafizəsi sisteminin təkmilləşdirilməsi", "Bitki sağlamlığı üzrə hüquqi çərçivənin və idarəetmənin təkmilləşdirilməsi", "Azərbaycanın bitki sağlamlığı statusunda özəl sektorun rolu", "IT sisteminin AQTA və özəl sektorun ehtiyacları üçün istifadə perspektivləri" və sair mövzularda məruzələr dinlənilib.

Qeyd edək ki, "Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi" layihəsi AQTA tərəfindən Latviyanın Dövlət Bitki Mühafizə Xidməti və Litvanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Bitki Xidməti ilə əməkdaşlıqla həyata keçirilir. Layihənin ümumi məqsədi qida və yemlərin təhlükəsizliyinin artırılmasına töhfə vermək və təkmilləşdirilmiş sanitar və fitosanitar standartlara uyğun ixrac imkanlarını genişləndirməkdir.

AZƏRTAC