Bakıda “İran yeni baxış bucağında
Digər xəbərlər

Bakıda “İran yeni baxış bucağında" mövzusunda ekspert müzakirəsi

Sosial Tədqiqatlar Mərkəzində Cənubi (Güney) Azərbaycanın milli fəalı, "GünazTV"nin rəhbəri Əhməd Obalının iştirakı ilə "İran yeni baxış bucağında" mövzusunda ekspert müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyəti sədrinin müavini, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu Əhməd Obalının əsas fəaliyyət istiqamətinin azərbaycanlıların hüquqlarının müdafiəsi olduğunu bildirib.

Sonra çıxış edən Əhməd Obalı deyib ki, televiziya kanalı 2004-cü ildən fəaliyyət göstərir. Biz milli maarifləndirməyə xidmət edir və əsasən siyasi məsələlərlə bağlı müzakirələr aparırıq. Şükürlər olsun ki, Qarabağ azad olub və Azərbaycan regionda söz sahibinə çevrilib. Biz illər boyu "GünazTV"də azərbaycançılıq ideologiyası üzrə hərəkət etmişik. İranda bizim ideologiyamızı dəyişdirməyə çalışıblar.

Türkiyənin Azərbaycanla münasibətlərinin inkişafının sevindirici olduğunu vurğulayan Ə.Obalı deyib: "Türk dünyası xəyalı artıq reallaşır. Türk dünyası Cənubi Azərbaycan olarsa tamamlanacaq. Biz türkiyəli qardaşlarımızdan dəstək gözləyirik. Azərbaycandan ciddi motivasiya alırıq. PKK-nın əsas kökü İrandadır. PKK-nın İrandakı rəsmi qolu PEJAK-dır. PEJAK-ı İran özü yaradıb, ancaq indi bu təşkilat İranın özü üçün təhlükəyə çevrilib. Cənubi Azərbaycan azad olarsa, bizim aramızda heç bir PKK, kürd zolağı ola bilməz".

"GünazTV"nin rəhbəri diqqətə çatdırıb ki, Azərbaycanın Şimali Azərbaycan olması cənublu soydaşlarımıza böyük sevinc bəxş edər.

"Prezident İlham Əliyevin xarici siyasətdə atdığı addımlar daim uğurlu olacaq. O, dəqiq, ehtiyatlı və cəsarətli Liderdir. Güney Azərbaycanın yaranması Şimali Azərbaycan tərəfinin yükünü azaldacaq. Azərbaycan Prezidenti İlham Əliyev çox düzgün mövqe tutub. Biz güneylilər daim onu dəstəkləyirik, onun arxasındayıq. Bugünkü fürsət bizim üçün çox gözəl andır. Biz cənublular üçün Şimali Azərbaycanın əmin-amanlığı olduqca önəmlidir", - deyə o qeyd edib.

Digər çıxış edənlər bildiriblər ki, bu gün Cənubi Azərbaycanda baş verən hadisələr hər kəs tərəfindən diqqətlə izlənilir. 43 illik molla rejimi cənubi azərbaycanlıların ana dilində təhsil, mədəni hüquqlarını əllərindən alıb.

Qeyd edilib ki, 1980-88-ci ildə İran-İraq müharibəsində cənubi azərbaycanlıların yaşadıqları ərazilərə başqa millətlərin nümayəndələri gətirilib və gələcəkdə yarana biləcək münaqişə zonaları formalaşdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

 AZƏRTAC