Bakıda “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu
Sosial həyat

Bakıda “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu" mövzusunda konfrans keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bakıda "Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin moderatoru, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev postmünaqişə dövründə bərpa işlərində qadınların rolu və BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsi barədə danışıb. Bildirib ki, regionda yaranmış yeni vəziyyətlə əlaqədar bərpa və sülh prosesinə qadınların daha çox cəlb edilməsinə ehtiyac var.

Konfransda çıxış edən Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində öz yurdlarından zorla qovulmuş qaçqın və məcburi köçkünlərin 50 faizini qadınlar təşkil edir. Qadınlar sülh və etimadın qurulması tədbirlərinə töhfələrini verə bilərlər və Azərbaycan hökuməti buna şərait yaratmağa hazırdır. Elçin Əmirbəyov əlavə edib ki, hazırda regionda sülh, sabitlik və inkişafa yol açan yeni geosiyasi reallıq formalaşıb. Azərbaycan inanır ki, Ermənistanla dinc birgəyaşayışın alternativi yoxdur.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva BMT-nin Təhlükəsizlik Şurasının 22 ildir qətnamə qəbul etməsinə baxmayaraq, qadınlarla bağlı qlobal səviyyədə ciddi irəliləyişin olmadığını deyib. O qeyd edib ki, qadınlar nəinki danışıqlar masası arxasında əyləşməli, həm də bərpa işlərində fəal iştirak etməlidirlər. BMT bu sahədə Azərbaycan hökumətinin davamlı səylərini dəstəkləyəcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova diqqətə çatdırıb ki, mövcud vəziyyətdə yeni standartlara uyğun addımların atılması, qadınların biznes layihələrində fəal iştirakı vacibdir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu məsələləri nəzərə alaraq, 2022-2026-cı il üçün müvafiq Milli Fəaliyyət Planı hazırlayır, Komitə BMT-nin müvafiq strukturlarının tövsiyələrini nəzərə alaraq layihə üzərində işləyir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qadın sahibkarların azad olunmuş ərazilərlə bağlı layihələr təqdim etməsi barədə məlumat verib.

Daha sonra iki panel müzakirəsi keçirilib.

"Qadınların iştirakı" mövzusunda birinci paneldə Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, Ombudsman Aparatının informasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, "Qadınlar, sülh və təhlükəsizlik" gündəliyi və onun mərhələləri, eləcə də Azərbaycanda bu sahədəki vəziyyət, normativ-hüquqi çərçivə və onun icra üsulları barədə məlumat veriblər. Müzakirə zamanı mütəxəssislər BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsi və onun dörd fəsli - iştirak, qabaqlayıcı tədbirlər, qorunma, yardım və bərpa barədə danışaraq qeyd olunan sahələrdə cari vəziyyəti təqdim ediblər.

"Yardım və bərpa - yenidənqurma" mövzusunda ikinci panel müzakirələri zamanı Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin təcrübəsini bölüşüb, deputat Vüqar Bayramov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Regional layihələrlə iş və monitorinq şöbəsinin müdiri Eldəniz Əmirov azad olunmuş ərazilərdə "Ağıllı kənd"lərin və "Ağıllı şəhər"lərin qurulması zamanı qadınların təhlükəsizliyi, hərəkət və iqtisadi imkanları barədə danışıb, "ağıllı şəhər"lərin tikintisi prosesində qadınların rolunu müzakirə ediblər.

Panel müzakirələri BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə aparılıb.

AZƏRTAC