Bakıda “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik
Digər xəbərlər

Bakıda “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik" Sammiti keçirilib

Oktyabrın 3-də Bakıda "Qlobal hibrid müharibə və kibertəhlükəsizlik" Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, "İnterProbe" şirkəti və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən birgə təşkil olunan "Qlobal hibrid müharibə və kibertəhlükəsizlik" mövzusunda tədbir AKTA-ya üzv olan "Pnetworks" təşkilatının dəstəyi, Medianın İnkişafı Agentliyinin, "A2Z Technologies", "CyberPoint" şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilib.

Sammit Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbirdə çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev deyib: "Son illər ölkəmizdə kibertəhlükəsizlik sahəsində işlərin gücləndirilməsi üçün fəaliyyətlər həyata keçirilir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində bu sahə inkişaf edir. Kibertəhlükəsizlik mövzusunda keçirilən sammitin böyük əhəmiyyəti var. Son illərdə Azərbaycanda informasiya təhlükəsizliyi istiqamətində ciddi addımlar atılıb".

O qeyd edib ki, bu sahə üzrə universitetlərdə tələbələrin ilk buraxılışı olub. Vətən müharibəsində və sonrakı dövrdə erməni təxribatları da göstərir ki, kibertəhlükəsizlik sahəsini gücləndirmək zəruridir.

Yaxın zamanlarda iki vacib normativ-hüquqi aktın qəbulunun gözlənildiyini bildirən İlqar Musayev deyib: "Birincisi, Kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlıdır. Provayderlərdən lisenziya, əlavə ödəniş tələbi yığışdırılır və bu sahədə fəaliyyət sadələşdiriləcək. Xüsusi təhlükəsizlik tələbi müəyyənləşdiriləcək. İkincisi, Azərbaycan informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının təsdiqlənməsi gözlənilir. Burada kadrların hazırlanması və yaxın illərdə hansı işlərin görüləcəyi öz əksini tapacaq".

"BP" şirkətinin Xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında qeyd edib: "Bizim sahə təhlükəli və riskli sektorlardan biridir. Son zamanlar kibertəhlükəsizlik və əməyin təhlükəsizliyi gündəmdə olan mövzulardandır. Xəzər dənizində bizim 8 platformamız var. Bunlar qurudan idarə olunacaq. Platformalar rəqəmsal idarəetmə formatından hazırlanıb.

Biz 30 il fəaliyyət göstərən şirkət olaraq təhsil sahəsində də işlər görürük. Hazırda 3 universitetlə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq etmək istəyirik".

Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov bildirib ki, son illərdə kibertəhlükəsizlik sahəsində yeni təchizatların yaranması vacib əhəmiyyətə malikdir. Dövlət və özəl sektorlar arasında sıx əlaqələrin inkişafı bugünkü tədbirə çox gözəl bir nümunədir. Türkiyə, Azərbaycan və İsrail arasında olan əlaqələr kibertəhlükəsizlik sahəsini də əhatə edir.

Dövlətimizin başçısı tərəfindən kritik informasiya infrastrukturlarının kibertəhlükəsizliyinə dair normativ-hüquqi aktların yaradılmasının ciddi tapşırıq kimi qarşıya qoyulduğunu diqqətə çatdıran Davud Rüstəmov deyib ki, yaxın vaxtlarda kritik informasiya infrastrukturları ilə bağlı qanun layihəsinin təsdiqlənməsi gözlənilir. Bu da həm hüquq, həm də kibertəhlükəsizlik tarixində yeni dövrün başlanğıcı olacaq.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov isə çıxışında söyləyib: "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəyə imza atması bütün sahələrdə olduğu kimi, medianın da fəaliyyətində ruh yüksəkliyi yaradıb".

O qeyd edib ki, Vətən müharibəsində Azərbaycan Prezidentinin ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində sosial şəbəkələrin və medianın potensialından peşəkarcasına istifadə etməsi düşmənin ölkəmiz ətrafında informasiya vakuumu yaratmasına imkan vermədi. Bu, jurnalistlər, ümumiyyətlə isə hər bir Azərbaycan vətəndaşı üçün dəyərli nümunədir. Məlumdur ki, İKT hər gün həyatımıza daha geniş daxil olur, müxtəlif sahələrdə qarşılıqlı əlaqəni asanlaşdırır. Bununla yanaşı, "virtual reallıq", eyni zamanda, real həyatda mövcud olan mənfi elementlər: dələduzluq, cinayətkarlıq, zorakılıq halları virtual dünyaya da proyeksiyalanır və spamlar, viruslar, fərdi məlumatların ələ keçirilməsi, şantaj, kibercinayətkarlıq, kiberterrorizm kimi bütün dünyanın birgə mübarizə aparmaqla minimallaşdırılması mümkün olan təhdidlər yaranır".

Əhməd İsmayılov deyib ki, kiberfəzada sərhədlər və məhdudiyyətlər yoxdur, kibertəhdidlər istənilən yerdə baş verə və qısa müddət ərzində böyük ziyan vura bilərlər. Buna görə də İKT-nin istifadəsi zamanı inamın və təhlükəsizliyin yüksəldilməsi dünya ictimaiyyəti üçün ən aktual məsələlərdən birinə çevrilir.

"44 gün davam etmiş Vətən müharibəsi zamanı informasiyanın nə qədər böyük önəm daşıdığının bir daha şahidi olduq. 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatlar Ermənistanın kapitulyasiyası ilə başa çatdı və Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş əzəli torpaqlarımızı düşməndən azad etdi.

İşğalçı üzərində qazanılmış Zəfər xalqımızın hərb tarixinə qızıl hərflərlə yazılmış ən parlaq səhifələrdən biri kimi bizim və sonrakı nəsillərin iftixar mənbəyi olaraq qalacaq", - MEDİA-nın icraçı direktoru söyləyib.

İnformasiya müharibəsi, psixoloji qarşıdurma, hibrid müharibə kimi yeni termin və anlayışların ənənəvi müharibə barədə təsəvvürləri xeyli dəyişdirdiyini xüsusi vurğulayan Ə.İsmayılov bu gün xüsusi texnologiyaların köməyi ilə dövlətlərin ordusuna və əhalisinə təsir göstərmək imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.

Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə heyətinin sədri Rahid Ələkbərli Sammitdə Türkiyədən, İsraildən, Almaniyadan və digər ölkələrdən nümayəndələrin iştirak etməsindən məmnunluq duyduqlarını bildirib.

O qeyd edib ki, həm media, universitetlər, özəl və dövlət sektorlarının əsas işi özünün təhlükəsizliyini təmin etməkdir.

Sammit işini panel iclasları ilə davam etdirib. Geniş dinləyici auditoriyasının diqqətini cəlb edən forumlar çərçivəsində "Dayanıqlı kibertəhlükəsizlik modelinin qurulması", "Maliyyə sahəsində rəqəmsal transformasiya və kiberrisklər", "Əvvəldən axıra təhlükəsizlik mümkündürmü?", "Kiberpotensialın gücləndirilməsi" və digər mövzularda müzakirələr aparılıb.

Konfrans çərçivəsində 600-ə yaxın ekspertin iştirakı ilə müxtəlif interaktiv sorğular keçirilib, kibergigiyena, kiber-mühit, sosial və idarəçilik təcrübələrinə aid sorğular xüsusi olaraq qiymətləndirilmiş və interaktiv iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Sammitdə kiberdünyada cərəyan edən hadisələr, ölkələrin kiberhazırlığı, kibertəhsil, kibergüclərin birgə fəaliyyəti, iqtisadiyyatın müxtəlif sahələrindəki kiberfəaliyyətlər və kiberpotensial idarəçiliyi sahəsindəki aktual məsələlər Azərbaycan, Türkiyə və İsrail kiberekspertləri ilə birgə müzakirə edilib.

Tədbirdə müzakirə olunan məsələlər üzrə gələcək fəaliyyətlərin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Türkiyənin "CyberThink" və Kiber Diplomatiya Assosiasiyası kimi düşüncə mərkəzlərində davam etdirilməsi qərarlaşdırılıb.

AZƏRTAC