Bakıda
İdman

Bakıda "Run for Art" beynəlxalq fotomüsabiqəsinin finalçılarının sərgisi açılıb

Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində "Run for Art" beynəlxalq fotomüsabiqəsinin finalçılarının sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun Baş katibi Azər Əliyev, mədəniyyət naziri Anar Kərimov, gənclər və idman naziri Fərid Qayıbov və İtaliya MOK-un vitse-prezidenti, "Culio Onesti" Fondunun İdarə Heyətinin üzvü, xizəksürmə üzrə keçmiş Olimpiya çempionu Klaudia Cordani iştirak ediblər.

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin Baş katibi Azər Əliyev "Run for Art" beynəlxalq fotomüsabiqəsinin münsiflər heyətinin üzvüdür.

Müsabiqə haqqında məlumat verən Klaudia Cordani bildirib ki, "Run For Art" gənc fotoqraflar üçün "Culio Onesti" Fondu tərəfindən hazırlanmış beynəlxalq fotomüsabiqədir. Müsabiqənin məqsədi bədii forma olan fotonun yaradıcı enerjisini və idmanın əzmini, yəni incəsənət və idmanı birləşdirməkdir.

Müsabiqə 18-35 yaşarası, dünyanın istənilən ölkəsindən həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Hər müsabiqə üçün 5 fərqli aspektə görə, fərqli mövzu təklif edilib. kateqoriyaların sayı simvolik olaraq 5 Olimpiya halqasını ifadə edir. Müsabiqənin final mərhələsinə daxil olan 5 kateqoriyanın hər birində, ümumilikdə 40 fotoşəkil üçün, idman yarışında olduğu kimi 8 finalçı seçilib. Fotoşəkillər incəsənət, idman və medianı təmsil edən beynəlxalq münsiflər tərəfindən qiymətləndirilib.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Mədəniyyət Nazirliyinə tədbiri beynəlxalq səviyyədə təşkil etdiyi üçün təşəkkür edib. Azərbaycan Milli Olimpiya Komitəsinin 30 il bundan əvvəl yarandığını deyən Ç.Hüseynzadə bildirib ki, bu illər ərzində ölkəmizdə güclü olimpiya hərəkatı yaranıb: "Olimpiya tək idman deyil, həm də idmanın təbliğatı deməkdir. Burada təhsil və incəsənət xüsusi yer tutur". O, müsabiqədə qalib gələn iştirakçıları təbrik edib: "Çox şadam ki, qaliblər arasında azərbaycanlı fotoqraflar da var. Sevinirəm ki, xarici ölkələri təmsil edən finalçılar uzaq məsafə qət edib mükafatlandırma mərasimində iştirak edirlər".

Mədəniyyət naziri Anar Kərimov MOK-un 30 il ərzində çox uğurlu, şərəfli yol keçdiyini vurğulayıb. Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılması Ulu Öndərimizin adı ilə bağlıdır. Prezident İlham Əliyev də bu prinsipləri davam etdirir. Komitənın səyləri nəticəsində idmançılarımız Azərbaycan bayrağını yüksəkliklərə qaldırıb və Azərbaycanı idman ölkəsi kimi tanıdıblar.

Azərbaycan idmançılarının mötəbər idman tədbirlərində iştirak etdiyini deyən nazir bildirib ki, Komitənin fəaliyyəti nəticəsində idman növləri inkişaf etdirilib, idmançıların beynəlxalq yarışmalarda qazandığı qələbələr yeni nəsildə idmana maraq oyadıb.

İdmanla mədəniyyətin bir-birlərini tamamladığını söyləyən nazir deyib ki, idman ruhu möhkəmləndirir, mədəniyyət vasitəsilə də mədəni ruh güclənir.

Sonra "Run for Art" beynəlxalq fotomüsabiqəsində qalib olan Tetsu Çi-Çinqli (Tayvan), Gökhan Taner (Türkiyə), Maks Danlap (ABŞ), Culia Kasu (Fransa), Ris Beyts (Avstraliya) Nəriman Babayev və Bayram Musayevə (Azərbaycan) hədiyyə və sertifikatlar təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Sərgi aprelin 16-dək Beynəlxalq Muğam Mərkəzində açıq olacaq.

AZƏRTAC