Bakıda Türkdilli Dövlətlərin Baş Prokurorları Şurası təsis edilib
Türk dünyası

Bakıda Türkdilli Dövlətlərin Baş Prokurorları Şurası təsis edilib

Təsis iclası çərçivəsində türkdilli dövlətlərin prokurorluqlarının cinayətkarlığa qarşı mübarizədə roluna dair beynəlxalq konfrans keçirilib

Noyabrın 1-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv Dövlətlərin Baş Prokurorları Şurasının təsis iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, yüksək səviyyəli iclasa Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğız respublikalarının Baş prokurorları, Türk Şurasının Baş katibinin müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti və digər nümayəndələri qatılıblar. Tədbirdə, həmçinin iştirakçı dövlətlərin və Macarıstanın ölkəmizdəki səfirləri iştirak edirlər.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iclasda çıxış edərək böyük coğrafiyanı əhatə edən türk dünyasının hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Baş prokuror dostluq və qardaşlıq təməlləri əsasında yaradılacaq Şuranın regional təhlükəsizliyə, sülhə və sabitliyə yeni, daha təhlükəli təhdidlər üçün çağırışlara tutarlı cavab verməyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirib.

Baş prokuror Kamran Əliyev dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarına salamlarını və Şuranın yaradılması ilə bağlı təbriklərini çatdırıb.

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciətini oxuyub. Müraciətdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ortaq soykökə, tarixə, milli-mədəni dəyərlərə malik xalqlarımız arasında birliyin və qarşılıqlı səmərəli fəaliyyətin bariz nümunəsi olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycan 2019-cu ilin oktyabrından Türk Şurasına sədrlik edir. Təşkilata sədrliyimiz dövründə müxtəlif sahələrdə əlaqələrin daha da gücləndirilməsi, yeni birgə fəaliyyət mexanizmlərinin yaradılması üzrə təşəbbüslər irəli sürülüb. Bu mənada Türk Şurası çərçivəsində qardaş ölkələrimizin prokurorluq orqanları arasında yeni əməkdaşlıq formatının yaradılması da mühüm əhəmiyyət kəsb edir.

Həmçinin bildirilib ki, Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalı, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin törədilməsi ilə müşayiət olunub. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan 1993-cü ildə Xocalı soyqırımını törədib. 613 nəfər günahsız dinc sakin vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsi nəticəsində 4000-ə yaxın vətəndaşımız itkin düşüb. İşğal dövründə Ermənistan bütün kənd və şəhərlərimizi tamamilə dağıdıb, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub. Ermənistan işğal edilən ərazilərimizdə ekoloji terror həyata keçirib, meşələrimizin 60 min hektarı məhv edilib, torpaqlarımız və çaylarımız çirkləndirilib, zəhərləndirilib. Qızıl yataqları və digər təbii yataqlar xarici şirkətlərin iştirakı ilə qeyri-qanuni istismar edilib. İşğal edilən ərazilərimiz narkotik maddələrin istehsalı və dövriyyəsi, beynəlxalq terrorçuların hazırlanması üçün geniş istifadə edilirdi. Ermənistan, həmçinin bu ərazilərdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib.

Müraciətdə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu qadağan olunmuş silahlarla mülki əhalini hədəfə alması nəticəsində 100-dən çox dinc sakinin, o cümlədən 11 uşağın qətlə yetirildiyi, 450 nəfərdən çox insanın yaralandığı vurğulanıb. Bildirilib ki, Ermənistan Azərbaycana qarşı muzdlu və əcnəbi döyüşçülərdən də istifadə edirdi. Müharibədən sonra isə 150-dən çox vətəndaşımız Ermənistan tərəfindən məqsədyönlü şəkildə basdırılmış minalara düşərək həlak olub, xəsarətlər alıb. Ermənistanın bütün bu əməlləri müharibə və insanlıq əleyhinə cinayətlərdir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan özü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüququn norma və prinsiplərini icra edərək ərazi bütövlüyünü bərpa edib.

Müraciətdə diqqətə çatdırılıb ki, hazırda regionda yeni reallıq yaranıb. Zəngəzur dəhlizinin açılması regional əməkdaşlığın inkişafına əsaslı töhfə verəcək. Eləcə də iclasda Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorluq Şurasının təsis edilməsinin regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə təkan verəcəyinə əminlik ifadə olunub.

Daha sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iclas iştirakçılarına videomüraciəti nümayiş olunub. Türkiyə Prezidenti videomüraciətdə Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının iştirakçılarını ilk iclas münasibətilə təbrik edib, iclasın işinə uğurlar arzulayıb. Türk Şurasının birlik və bərabərliyin simvollarından biri olduğunu diqqətə çatdıran qardaş ölkənin dövlət başçısı türkdilli dövlətlər arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əlaqələrin qarşılıqlı təcrübə əsasında inkişaf etdiyini xüsusi vurğulayaraq, Türk Şurasının yeni qatılan ölkələrlə güclənərək beynəlxalq status qazanacağını bildirib. Dövlət başçısı türkdilli dövlətlər arasında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin vacibliyini bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibinin müavini Mirvoxid Azimov təsis ediləcək Şuranın türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında, xüsusən cinayətkarlığa və terrorçuluğa qarşı mübarizədə mühüm rol oynayacağını vurğulayıb.

Sonra türkdilli dövlətlərin əməkdaşlığının uğurlu nəticələrinə dair videoçarx nümayiş olunub.

Tədbirə qonaq qismində dəvət olunmuş Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Çol-Kyu Hvan çıxışında qlobal, o cümlədən regional təhdidlərə qarşı mübarizədə birgə platformaların önəminə diqqət çəkərək, Şura üzvlərinin qazanılmış təcrübədən və məlumat mübadiləsindən fəal faydalanmaq imkanına malik olacaqlarını bildirib.

Açılış çıxışlarından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin Baş Prokurorları Şurasının Əsasnaməsinin imzalanması mərasimi olub. Bununla da Türkdilli Dövlətlərin Baş Prokurorları Şurası təsis edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirməklə yanaşı, çoxsaylı qlobal və regional təşəbbüslərdə də fəal iştirak edir.

Regionumuzda baş verən çağırışlara və təhdidlərə qarşı mübarizədə, mövcud potensialın inkişafında və qarşılıqlı təcrübə mübadiləsində qardaş və dost türkdilli ölkələrin prokurorluq orqanları ilə əlaqələrin yeni formatda təşkili cinayətkarlığa qarşı mübarizə üzrə birgə səylərin gücləndirilməsinə və daha effektiv təşkili üçün mühüm amil hesab edilib.

2009-cu il oktyabrın 3-də türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX Zirvə toplantısında türkdilli ölkələr arasında ortaq tarix, dil, mənsubiyyət və mədəniyyətə əsaslanan qarşılıqlı maraqları və münasibətləri daha da inkişaf etdirmək və həmrəyliyi gücləndirmək məqsədilə təməli qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində üzv Dövlətlərin Baş Prokurorları Şurasının təsis edilməsi qərara alınıb.

Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclası fasilədən sonra işini "Türkdilli dövlətlərin prokurorlarının cinayətkarlığa qarşı mübarizədə rolu: real imkanlar və müasir çağırışlar" mövzusunda beynəlxalq konfransla davam etdirib.

Konfransda çıxış edən Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahin, Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşev, Qırğız Respublikasının Baş prokuroru Kurmankul Zuluşev, Qazaxıstan Respublikası Baş prokurorunun birinci müavini Berik Asılov və Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirərək, Şuranın regionda sülhün və sabitliyin təmin olunmasına xidmət göstərəcəyinə əminliklərini bildiriblər.

İclasda məruzə ilə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, qazanılan nailiyyətlər barədə iştirakçılara məlumat verərək, Azərbaycanın qardaş türkdilli dövlətlərlə əməkdaşlığa mühüm önəm verdiyini diqqətə çatdırıb. Baş prokuror qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının təsis edilməsi ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulmuş, dərin tarixi köklərə əsaslanan yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verməklə əməkdaşlığın keyfiyyətcə yeni, qarşılıqlı əlverişli olan səviyyəyə yüksəlməsinə xidmət edəcək. Bu, həmçinin müasir çağırışlara adekvat şəkildə, sistemli yanaşmalar əsasında cavab verməklə cinayətkarlığa qarşı mübarizənin, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə mühüm töhfə olacaq.

Çıxışlardan sonra məruzələr ətrafında, eləcə də qurumun perspektivləri barədə geniş müzakirələr aparılıb. Şuranın növbəti - ikinci iclasının 2023-cü ildə Türkiyədə keçirilməsi qərara alınıb.

Beynəlxalq konfransın yekununda nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib.

Azərbaycanın Baş prokuroru Kamran Əliyev əvvəlcə Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Baş prokuror Kamran Əliyev iki qardaş ölkənin dövlət başçılarının siyasi iradələri ilə reallaşan nəhəng enerji və nəqliyyat layihələrinin bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına, xalqlarımızın rifahına xidmət etdiyini vurğulayıb.

Səmimi görüşə görə minnətdarlığını ifadə edən Bekir Şahin dövlətlərimiz arasında strateji münasibətlərin mövcudluğu və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə hərtərəfli dəstək verdiyini xüsusi qeyd edib.

Söhbət zamanı hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyi, tərəfləri maraqlandıran məsələlər müzakirə edilib. Eləcə də iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub. Azərbaycan və Özbəkistan prokurorluqları arasında münasibətlərin müsbət dinamikasını vurğulayan Baş prokuror bu əlaqələrin gələcəkdə də inkişaf etidirilməsinin zəruriliyindən və perspektivlərindən danışıb. Görüş çərçivəsində prokurorluq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılması məqsədilə iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığa dair Razılaşma və 2022-2023-cü illər üzrə Əməkdaşlıq Proqramı imzalanıb.

Qırğız Respublikasının Baş prokuroru Kurmankul Zuluşevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə isə xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin əhəmiyyəti vurğulanıb. Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək iki ölkənin müvafiq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Konfrans çərçivəsində Qazaxıstan Respublikası Baş prokurorunun birinci müavini Berik Asılovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri, o cümlədən prokurorluqlarımız arasında imzalanmış bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası baş katibinin müavini Mirvoxid Azimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən Baş prokuror Kamran Əliyev Şuranın üzvü olan ölkələrin regionda sabitliyin və təhlükəsizliyin qorunması səylərini xüsusi vurğulayaraq, əldə edilmiş təcrübədən və məlumat mübadiləsindən fəal faydalanmaq yolu ilə yeni təsis edilmiş qurumun potensialından bəhrələnmək imkanının önəmini diqqətə çatdırıb.

Türkdilli dövlətlərin əməkdaşlığı çərçivəsində prokurorluq orqanlarının əlaqələrinin yeni formatda təşkilinin önəminə toxunan Mirvoxid Azimov qurumun işinə hər cür dəstək olacaqlarını ifadə edərək Şuranın təsis olunmasından məmnunluğunu bildirib.

Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Çol-Kyu Hvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ölkəmizin təşkilatla fəaliyyətə başladığı vaxtdan etibarən uğurla əməkdaşlıq etdiyini, qarşılıqlı münasibətlərin bundan sonra da artan xətlə davam etdiriləcəyinə əminlik ifadə olunub.

Assosiasiyanın prezidenti Çol-Kyu Hvan Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyi xüsusi vurğulayıb.

Söhbət zamanı təşkilatın gələcək fəaliyyətinə dair faydalı fikir mübadiləsi aparılıb.

İclas iştirakçıları daha sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

AZƏRTAC