Bakıda “Urmiya gölünün harayı
Digər xəbərlər

Bakıda “Urmiya gölünün harayı" adlı dəyirmi masa təşkil olunub

Topçubaşov Mərkəzinin təşkilatçılığı ilə noyabrın 30-da "Urmiya gölünün harayı" adlı dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizdə səfərdə olan Cənubi azərbaycanlı fəallar, həmçinin Azərbaycanın tanınmış ekspert və akademik icmasının nümayəndələri iştirak ediblər.

Dəyirmi masada Güney Azərbaycanda baş verən ekoloji, etnik və mədəni diskriminasiya, həmçinin bu ayrı-seçkiliyə qarşı ölkəmizdə və kənarda fərdlərin, təşkilatların necə fəaliyyət göstərməsi müzakirə olunub.

Tədbirdə Etnik məsələlər və qadın hüquqları üzrə fəal, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli, yazıçı, jurnalist və Cənubi Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini Fuad Çıraqov, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov və digərləri çıxış edərək ekoloji, etnik və mədəni diskriminasiya mövzusunda müzakirələr aparıblar.

Qeyd edilib ki, Urmiya gölü regionun əsas ekoloji fəlakətlərindən biri olub. Təbii su hövzəsinin tamamilə məhvi onun ətrafında yaşayan insanların iqtisadi və psixoloji sarsıntıları ilə nəticələnə bilər. Urmiya gölü və ona Tehran tərəfindən münasibət, həmçinin simvolik məna daşıyır. Eyni rejim göl ətrafında yaşayan etnik qruplara, ilk növbədə, azərbaycanlılara qarşı laqeyd və destruktiv mövqe nümayiş etdirir.

Dəyirmi masada diskriminasiyaya qarşı fəaliyyət mövzusu da müzakirə olunub. Diqqətə çatdırılıb ki, İranda baş verən ekoloji və etnik diskriminasiyaya qarşı haqq səsini ucaldanlar, bu məsələləri yerli və beynəlxalq səviyyədə qaldıranlar az deyil. Bunlar arasında təkcə fəallar deyil, həmçinin təşkilatlanmış qruplar da fəal rol oynayırlar.

AZƏRTAC