Balakən fermerləri keçmişin şöhrətini qaytarmağa çalışırlar
Region

Balakən fermerləri keçmişin şöhrətini qaytarmağa çalışırlar

Hələ sovetlər birliyi dövründə Balakən qarğıdalıçıları respublikada ən çox istehsalına görə öncül sıralarda getmişlər. Hətta həmin sahədə bu rayonun iş təcrübəsi öyrənilib geniş yayılırdı. Həmin ənənə rayonda bu gün də dövrün tələblərinə uyğun gündəmdədir. İndi fermerlər qarğıdalı əkinlərinə yüksək qayğı ilə yanaşmış və sahələrdə bol məhsul üçün etibarlı bünövrə yaratmışlar. Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Məhəmməd Şərifov bu fikirlərin davamlı olaraq bildirdi:

Bəli, Balakən ölkədə ən çox qarğıdalı istehsal edən rayondur. Rayonun fermerləri uzun illər qarğıdalıçılıq sahəsində qazandığı təcrübəyə əsasən bu sahənin inkişaf etdirilməsinə həmişə diqqət göstərmişdir. Cari ildə rayonda 7577 hektar sahədə qarğıdalı əkilmiş və sahələrə aqrotexniki xidmət göstərilmişdir. Əkin sahələri əvvəlki ilə nisbətən 0,8 faiz artırılmışdır. Fermerlər sahələrə daha çox quraqlığa davamlı məhsuldar növ toxumların əkilməsinə diqqət göstərmişdir. Rayonun  bütün kəndlərində hətta həyətyanı sahələrində də qarğıdalı yetişdirilir. Bu sahədə rayonun Hənifə, Qazma, Talalar, Sarıbulaq, Meşəşambul və Şərif kəndləri xüsusilə fərqlənir.

Hazırda məhsul yığımına başlanmışdır. Yığımın optimal müddətdə  başa çatdırılması üçün respublikanın digər rayonlarından da əlavə olaraq kombaynlar cəlb edilmişdir. Qarğıdalı sahələrinin vəziyyəti göstərir ki, məhsuldarlıq əvvəlki ilə nisbətən daha yüksək olacaq. Başqa sözlə, 2020-ci ildə qarğıdalının hektardan məhsuldarlığı 61,6 sentner olmuşdursa, cari ildə bu göstəricinin 47,2 min tona çatması gözlənilir. Eyni zamanda fermerlər təkrar qarğıdalı əkilməsinə də maraq göstərmişlər,  366 hektar sahədə təkrar qarğıdalı bitkisinin əkilməsi təmin olunmuşdur. Hazırda təkrar qarğıdalı sahələrinə aqrotexniki xidmət göstərilir.

Bir sözlə, qarğıdaçılıq sahəsində keçmişdəki şöhrəti qaytarmaq üçün bütün imkanlardan səmərəli istifadə olunur.

Rasim AMANOV,

“Respublika”.