Bank mübahisələrinin mediasiya perspektivləri və mövcud problemlər müzakirə edilib
İQTİSADİYYAT

Bank mübahisələrinin mediasiya perspektivləri və mövcud problemlər müzakirə edilib

Vəkillər Kollegiyası, Azərbaycan Banklar Assosiasiyası və Mediasiya Şurası bank mübahisələrinin mediasiya perspektivlərinə və mövcud problemlərin müzakirəsinə həsr olunmuş görüş təşkil edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev görüşdə çıxış edərək ölkəmizdə reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatlarının tərkib hissəsi olan mediasiya islahatları ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı "Mediasiya haqqında" Qanunun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu qanunun tətbiqində bankların və Azərbaycan Banklar Assosiasiyasının da üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın çevik inkişaf edən bank sektorunda baş verən mübahisələrin məhkəmədənkənar, alternativ həllində mediasiya prosesinin rolu çox mühümdür. Bu proses bankların uzun-uzadı məhkəmə prosesləri olmadan, əlavə vaxt və resurs itkisindən azad olmaqla, problemin yalnız danışıqlar vasitəsilə həllinə xidmət edəcək. Zakir Nuriyev qeyd edib ki, korporativ sektorun aparıcı qüvvəsi olan banklar çevik həllərə və güclü elektron sistemə malik olduğu üçün günün tələblərinə uyğun olaraq mediasiya islahatlarının icra edilməsində istənilən dəstəyi göstərməyə hər zaman hazırdırlar.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib ki, mediasiya islahatlarının həyata keçirilməsinə başlanmasının ilk günündən Vəkillər Kollegiyası Mediasiya Şurasının həmtəsisçisi qismində istənilən dəstəyi verib və bu gün də bu dəstəyi göstərir. Anar Bağırov diqqətə çatdırıb ki, son vaxtlar Mediasiya Şurası ilə Vəkillər Kollegiyası arasında düzgün qurulan kommunikasiyanın nəticəsi kimi mediator olan vəkillər və vəkil olmayan mediatorlar arasında səmərəli münasibətlər yaranıb. Həm vəkillər, həm də mediatorlar mediasiya proseslərinin tətbiqində mühüm rol oynayırlar. Bu isə mediasiya praktikasının zənginləşməsinə, mediasiya islahatlarının davamlı aparılmasına böyük təkan verir. Bank sektoru və korporativ sektorda olan mübahisələrin davamlı şəkildə mediasiya yolu ilə həllində bundan sonra da Vəkillər Kollegiyası bütün zəruri dəstəyi verəcək.

Mediasiya Şurasının sədri Nadir Adilov Vəkillər Kollegiyasına və Azərbaycan Banklar Assosiasiyasına təşəkkürünü bildirərək qeyd edib ki, bu gün hər bir mediatora böyük etimad göstərilir. Bu etimadın əsasını, mediatorların peşə fəaliyyətinin bünövrəsini Prezident İlham Əliyevin imzaladığı Qanun təşkil edir. Bu, mediatorlar üçün böyük şərəf və məsuliyyətdir. Bu şərəfli yolda Qanunun düzgün tətbiqində demək olar ki, əlaqədə olduğumuz bütün dövlət orqanları fəal dəstək verir. Müstəqil qurumlar sırasında isə Vəkillər Kollegiyasının rolu danılmazdır. Eyni zamanda, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediatorların peşə fəaliyyətinə vəsiqə qazanmasında, mediatorların hazırlığının həyata keçirilməsində çox mühüm işlər görür. Mediatorlar kursları bitirərək mediator olmaq üçün ilk vəsiqəni məhz Ədliyyə Akademiyasından alırlar. Nadir Adilov mediatorlar arasında işlərin bölgüsü sahəsində olan şəffaflıq, işlərin mediatorlar arasında ədalətli bölüşdürülməsini qeyd edərək vətəndaşlar və kommersiya hüquqi şəxslərinin məmnunluğunun artırılması və nəticələrin ölçülməsi məqsədilə mediatorların ictimai qiymətləndirilməsinin həyata keçirildiyini vurğulayıb (iştirak üçün keçid: http://mediasiya.gov.az/faydali/sorgular).

Mediator-vəkil, Mediasiya Şurasının işçi qrupunun rəhbəri Taleh İbrahimov bank sektorunun problemlərinin mediasiya yolu ilə həllinin perspektivləri barədə üstünlükləri bank sektorunun nümayəndələrinin diqqətinə çatdırıb. Qarşıya çıxan problemləri vurğulayan və həlli yolları sahəsində Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlığın zəruri olduğunu qeyd edib.

Bank Ombudsmanının məsul katibi, mediator Elçin Həsənov çıxışında bankların mediasiya proseslərində qarşılaşdığı problemlərə toxunaraq bu problemlərdən çıxış yolları ilə bağlı davamlı vebinarların, görüşlərin və maarifləndirmə işlərinə geniş ehtiyac olduğunu bildirib.

"Paşa Bank" ASC-nin Hüquq şöbəsinin müdiri İlham Hüseynov mediasiya islahatlarının önəmli olduğunu qeyd edərək Mediasiya Şurasının yeni yaradıldığını və banklarla Şura arasında düzgün kommunikasiyanın qurulması, çevik əlaqələr baxımından məsul nümayəndənin olması zərurətini vurğulayıb.

Müzakirələrdən sonra məsələ ilə bağlı qərar qəbul olunub. Belə ki, banklar və mediatorlar arasında məsələlərin çevik həlli məqsədilə Zakir Nuriyev və Nadir Adilovun birgə qərarı əsasında Bank Ombudsmanının məsul katibi, mediator Elçin Həsənov Mediasiya Şurası və Azərbaycan Banklar Assosiasiyası, eyni zamanda, bütün banklarla əlaqələndirməni həyata keçirən məsul şəxs təyin edilib.

AZƏRTAC