Barama ipəkçiliyin bazasıdır
İQTİSADİYYAT

Barama ipəkçiliyin bazasıdır

Qədim bir el məsəli var, torpağa əyiləni torpaq ucaldar. Torpaqdan yapışan əkinçinin əlləri boşda qalmaz. Tər tökülən torpağın ruzisi bol olar. Bu sadə həqiqəti kənd adamları daha yaxşı bilirlər. Mövsümi işlərin elə vaxtıdır ki, kənd yerlərində bekar adama çətin rast gəlmək olar. Sübh tezdən qaş qaralana kimi zəmilərdə, tarlalarda, bostanlarda və üzüm bağlarında qızğın iş gedir. Fermerlər və xüsusi mülkiyyətçilər əlverişli keçən hər gündən səmərəli istifadə edirlər.

Füzulidə əkin-səpin ənənələrini və qabaqcıl texnologiyaları tətbiq edən fermerlər bol məhsul əldə edir, yaxşı da qazanc götürürlər.

Baramaçılığın bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə müsbət təsir göstərib. Kənd adamları yaxşı başa düşürlər ki, baramaçılıqla məşğul olmaqla, hər il öz ailə gəlirlərini daha da artıra bilərlər. Rayonda xeyli insan baramaçılıqla məşğul olur və yaxşı da gəlir əldə edirlər.

Baramaçılıq 1970-1980-ci illərdə rayonda ən inkişaf etmiş və gəlirli sahələrdən biri olub. 1993-cü ildə rayonun işğal olunması ilə tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlayıb. Həmin il rayonda 3070 kiloqram, 2017-ci ildə 24 ton 320 kiloqram, 2018-ci ildə 38 ton, 2019-cu ildə 49,5 ton və 2020-ci ildə isə 50 tona yaxın barama istehsal olunub.

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Füzuli rayonunda məqsədyönlü işlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi rayonda diqqət mərkəzində saxlanılır.

Dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Çünki baramaçılığın inkişafı iş yerləri, əlavə qazanc və yaxşı güzəran deməkdir. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son illərdə rayon ərazisində 200 min ədəddən çox tut tingi əkilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir.

Bu mövsümdə kümçülər 1250 qutu baramaqurdu götürərək aqrotexniki qaydada bəsləyiblər. İndi rayonda yaş barama tədarükü davam edir. Saxlanma dövründə yaranan bəzi çətinliklərə baxmayaraq, füzulili kümçülər barama tədarükünü davam etdirirlər. Məhz kümçülərin fədakar əməyi sayəsində Azərbaycan ipəyinin şöhrəti dünyanı dolaşır.

Salman ALIOĞLU,

“Respublika”.