Diaspora

"Barışıq üçün etiraf et" aksiyası beynəlxalq miqyasda genişlənir

İndoneziyanın paytaxtı Cakarta şəhərində yerli gənc fəallar tərəfindən Xocalı faciəsinin 30 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, Cakarta şəhərində bir qrup indoneziyalı etirazçı Ermənistanın bu ölkədəki səfirliyi qarşısında "Barışıq üçün etiraf et" (Recognize to reconcile) şüarı ilə mitinq keçirib. Mitinq zamanı indoneziyalı gənclər Srebrenitsa Muzeyinin direktor müavini, Srebrenitsa faciəsinin qurbanlarından olan Amra Beqiçin bir neçə gün əvvəl Vyanada keçirilən "Sülh və ədalət" beynəlxalq konfransında Ermənistan hökumətinin Xocalı faciəsini tanıması ilə bağlı irəliyə sürdüyü və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya regional Mərkəzinin beynəlxalq kampaniyaya çevirdiyi təşəbbüsə dəstək göstəriblər. Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq, iki saat davam edən mitinqdə "Xocalıya ədalət", bu faciə ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən məsuliyyətin qəbul edilməsi, Azərbaycan xalqından üzr istənilməsi ilə bağlı şüarlar səsləndirilib.

AZƏRTAC