Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında
Digər xəbərlər

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalayıb

Sərəncamın əsas hədəfləri dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təzyiqinin azaldılması,

əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin qorunması, daxili istehsalın təşviq edilməsidir

Baş nazir Əli Əsədov fevralın 21-də "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam imzalayıb.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Sərəncamda deyilir ki, inflyasiyanın xərc amillərinin qiymətlərə ötürücülüyünün artdığı, idxal məhsulların bahalaşaraq qiymət artımını sürətləndirdiyi bir şəraitdə ölkədə makroiqtisadi sabitlik qorunmalı, dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına qiymət təzyiqi azaldılmalı, əhalinin real gəlirləri və alıcılıq qabiliyyəti inflyasiya artımı şəraitində qorunmalıdır.

2022-ci ildə qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün qiymətartırıcı amillərin sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

Nazirlər Kabinetinin sərəncamında təchizatçıların stimullaşdırılması haqda tapşırıq verilib

Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamda əsas ərzaq məhsulları ilə təchizatın yaxşılaşdırılması haqda tapşırıqlar verilib. Tapşırıqlara əsasən:

- Minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması;

- Səbətə daxil olan ərzaq məhsullarının yerli istehsalçılarının stimullaşdırılması istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.

Əsas ərzaq məhsullarının tədarükü və emalının stimullaşdırılması üçün yeni güzəştli maliyyələşdirmə şərtlərinə dair təkliflər hazırlanacaq

Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamda əsas ərzaq məhsullarının tədarükü və emalının stimullaşdırılması üçün güzəştli maliyyələşdirmə alətləri də daxil olmaqla təkliflər hazırlanmasına dair tapşırıqlar verilib.

Sərəncamda İqtisadiyyat nazirliyinə tapşırılıb ki, minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Sərəncamda qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsi nəzərdə tutulur

Sərəncamda əsas ərzaq məhsullarının qiymət artımının bazar iqtisadiyyatına uyğun qaydalarla - ticarət əlavələri hesabına sabitləşdirilməsi ilə bağlı İqtisadiyyat nazirliyinə tapşırıq verilib.

Sənəddə deyilir ki, əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflər on beş gün müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.

Ölkədəki sağlam rəqabət mühitinə dair hər ay Nazirlər Kabinetinə məruzə olunacaq, daxili bazar qorunacaq, qiymət manipulyasiyasına nəzarət gücləndiriləcək

Sərəncama əsasən, müvafiq qurumlara tapşırılıb ki, ölkədə sağlam rəqabət mühitinin gücləndirilməsi, o cümlədən inhisarlaşma, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının və qiymət manipulyasiyasının qarşısının alınması üçün aparılan nəzarət tədbirləri barədə ayda bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilsin.

Həmçinin İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə minimum istehlak səbətinin tərkibində ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunmasına dair lazımi tədbirlər görsün.

Gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair təkliflər hazırlansın

Sərəncamda cari il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Gömrük Komitəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə müvafiq tapşırıqlar verilib.

Tapşırığa əsasən "idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflər hazırlanması və on beş gün müddətində Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.

Satış yarmarkalarının təşkili və daşınma-logistik və ticarət şəbəkələrinə daxilolma xərclərinin optimallaşdırılmasına dair tapşırıqlar verilib

Sərəncamda hökumətin müvafiq qurumlarına tapşırıq verilib ki, kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışının yarmarkalarda daha səmərəli təşkili, özəl tədarük-satış bazalarının və logistik mərkəzlərin inkişaf etdirilməsi üçün tədbirlər görsünlər.

Eyni zamanda, yerli istehsal edilən və idxal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının daşınma-logistika xərclərinin optimallaşdırılması məqsədilə mümkün mexanizmlərin tətbiqi barədə təklifləri hazırlayıb on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etsinlər.

Nazirlər Kabinetinin sərəncamı qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızların buraxılışı nəzərdə tutulur

Baş nazir Əli Əsədovun fevralın 21-də imzaladığı "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncamda Maliyyə Nazirliyinə "inflyasiya səviyyəsini nəzərə alaraq qısa, orta və uzunmüddətli dövlət qiymətli kağızların buraxılışı istiqamətində lazımi tədbirlər görülməsi"nə dair tapşırıq verilib.

Zərurət olduğu təqdirdə özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilə bilər

Sərəncamda zərurət olduğu təqdirdə özünüməşğulluq proqramının və haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində tədbirlər görülməsi nəzərdə tutulur.

Sərəncam: Qiymət sabitliyini dəstəkləyən monetar siyasətin aparılması, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi tövsiyə olunur

Sərəncamda Mərkəzi Banka inflyasiya təzyiqlərinin azaldılması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə öz səlahiyyətləri çərçivəsində lazımi işləri görməsi tövsiyə olunub.

Strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflər hazırlanacaq

Sərəncamla Dövlət Ehtiyatları Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinə qlobal ərzaq bazarındakı vəziyyəti nəzərə almaqla strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflərin hazırlanması tapşırılıb.

 

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2022-ci ilin mart ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu

C Ə D V Ə L İ

AZƏRTAC