Baş nazir Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb
Siyasət

Baş nazir Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 6-da ölkəmizdə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə T.Konyetskonun J.Zunqrananın Azərbaycanda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə "Prezident kuboku-2023" reqatasında iştirakı yüksək qiymətləndirilib.

Turnirin təntənəli açılış mərasiminin artıq üçüncü dəfə ölkəmizin işğaldan azad edilmiş bölgəsində - Suqovuşanda keçirilməsi məmnunluqla vurğulanıb, yarışda iştirak edən ölkələrin sayının ilbəil artdığı diqqətə çatdırılıb.

Eyni zamanda, Azərbaycanla Beynəlxalq Kanoe Federasiyası Avropa Kanoe Assosiasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.