Baş nazir Əli Əsədov Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib
Siyasət

Baş nazir Əli Əsədov Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib

Noyabrın 12-də Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. İclasda iştirak edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov gündəliklə bağlı çıxış edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan videokonfransda çıxışı zamanı Azərbaycan Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin imzaladıqları 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli Bəyanatların müddəalarının, o cümlədən hərbi əsirlər ilə bağlı bəndin Azərbaycan tərəfindən pozulması, hərbi əməliyyatların gedişi zamanı baş vermiş dağıntılar, kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın mövqeyinə dair əsassız və məntiqsiz ittihamlar irəli sürüb.

Baş nazir Əli Əsədov əlavə söz alıb və Ermənistan nümayəndəsinə cavab verərək deyib: "Hörmətli hökumət başçıları, iclasda Ermənistan təmsilçisi tərəfindən səsləndirilən bəzi fikirlərə aydınlıq gətirmək və deyilənlərlə bağlı mövqeyimizi ifadə etmək istərdim. 44 günlük müharibə başa çatıb, Azərbaycan 30 il ərzində işğal altında olan torpaqlarını azad edib. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə bəyanatı imzalanıb. Biz bu Bəyanata tam sadiqik və onun bütün maddələrini icra edəcəyik.

2021-ci il yanvarın 11-də Moskvada qəbul edilmiş Bəyanatın bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu maddəsinə gəldikdə isə, Rusiyanın hökumət başçısının müavini, Azərbaycan Baş nazirinin və burada iştirak edən Ermənistan baş nazirinin müavininin həmsədrliyi ilə yaradılmış işçi qrup çərçivəsində nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilir. Odur ki, "Azərbaycan nəqliyyat məsələlərinin həllində güc tətbiqi və hədədən istifadə edir" fikrini şərh etməzdim. Bu məsələlər üçtərəfli işçi qrup çərçivəsindədir və təkcə Azərbaycanın deyil, eyni zamanda, bir müddət əvvəl regionun digər təmsilçilərinin qeyd etdiyi kimi, hamının marağına cavab verir.

Burada hərbi əsirlərlə bağlı məsələlərə toxunuldu. 10 noyabr Bəyanatının 8-ci bəndi hərbi əsirlərin təhvil verilməsini nəzərdə tutur. Azərbaycan bu bəndi tam şəkildə icra edib. Bununla bağlı qeyd etmək istərdim ki, Rusiya Xarici İşlər Nazirliyinin 2021-ci il 9 noyabr tarixli bəyanatında qeyd edilir ki, 2020-ci il dekabrın 2-dək Rusiya sülhməramlılarının iştirakı ilə 122 hərbi qulluqçu və saxlanılan şəxs öz ölkəsinə qaytarılıb. Onlardan 105 nəfəri Ermənistana, 17 nəfər isə Azərbaycana təhvil verilib.

Bununla yanaşı, Bəyanat imzalanandan və atəşkəsə dair saziş qüvvəyə mindikdən bir müddət sonra, 13-14 dekabr tarixlərində 62 nəfərdən ibarət silahlı şəxs Azərbaycan ərazisində saxlanılıb. Onlar bütün beynəlxalq normalara əsasən, hərbi əsir sayılmırlar və bizim ölkəmizin ərazisinə diversiya məqsədilə daxil olmuşdular. Bu səbəbdən hərbi əsir statusu onlara şamil edilmir. Ancaq, buna baxmayaraq, Azərbaycan xoş məram nümayiş etdirərək onlardan 29 nəfərini Ermənistana qaytarıb. Qalan 33 nəfər Azərbaycan məhkəmələri tərəfindən məhkum edilib və onlar cəzalarını çəkəcəklər.

Bir məsələni də xüsusi vurğulamaq istəyirəm: cari ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan bəyan etdi ki, onun ərazisində "Dağlıq Qarabağ" adlanan ərazi vahidi yoxdur. Azərbaycanda "Qarabağ" və "Şərqi Zəngəzur" iqtisadi rayonları var".

AZƏRTAC