Baş prokuror Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Siyasət

Baş prokuror Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Fevralın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Peter Mixalko ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Kamran Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquq sahəsində həyata keçirilən genişmiqyaslı islahatlardan söhbət açıb, prokurorluğun korrupsiyaya qarşı mübarizə, dövlət ittihamının müdafiəsi, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası və qurumun cinayət təqibindən kənar fəaliyyəti barədə məlumat verib. Baş prokuror Avropa Komissiyasının Tvinninq və TAIEX alətləri çərçivəsində aktual hüquqi mövzulara həsr olunmuş çoxsaylı tədbirlərin həyata keçirildiyini qeyd edib. Cari ildə başlayacaq Tvinninq layihəsi çərçivəsində Azərbaycan Prokurorluğunun Litvanın hüquq-mühafizə orqanları ilə cinayət aktivlərinin bərpası sahəsində birgə fəaliyyəti əməkdaşlığımızın bariz nümunəsi kimi qiymətləndirilib. Prokurorluqda beynəlxalq əməkdaşlıq sahəsinə xüsusi önəm verildiyini qeyd edən Baş prokuror Kamran Əliyev Avropa İttifaqına üzv ölkələrin hüquq-mühafizə orqanları ilə əlaqələrin genişlənməsi istiqamətində atılan addımlar barədə səfirə məlumat verib.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Peter Mixalko Avropa İttifaqının Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və münasibətlərin müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər, o cümlədən Avropa İttifaqının Prokurorluğu (EPPO) və Dələduzluqla Mübarizə Ofisi (OLAF) ilə əməkdaşlığın perspektivləri müzakirə edilib.

AZƏRTAC