Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib
Sosial həyat

Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Oktyabrın 12-də Baş prokuror Kamran Əliyev Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər, Samux, Göygöl, Kəlbəcər və digər rayonlardan olan vətəndaşlarla görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.

Sonra Baş prokuror Kamran Əliyev Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən terror hadisəsinin olduğu əraziyə gedərək şəhid olan mülki şəxslərin xatirəsini anıb.

Qəbulda iştirak edən 112 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Samux, Göygöl və Kəlbəcər rayon, eləcə də Gəncə hərbi prokurorluqlarına gedib, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

AZƏRTAC