Baş prokuror Salyanda vətəndaşlarla görüşüb
Sosial həyat

Baş prokuror Salyanda vətəndaşlarla görüşüb

İyulun 19-da Baş prokuror Kamran Əliyev Salyan rayon prokurorluğunun inzibati binasında Salyan, Neftçala, Biləsuvar, həmçinin digər rayonlardan olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan AZƏRTAC-a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 52 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Neftçala və Biləsuvar rayon prokurorluqlarına gedib, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

AZƏRTAC