Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclasında Litva nümayəndə heyəti də iştirak edib
Digər xəbərlər

Baş Prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclasında Litva nümayəndə heyəti də iştirak edib

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfdaş ölkələrin qabaqcıl təcrübəsi olan hüquq-mühafizə orqanları, ölkəmizin aparıcı elm və təhsil müəssisələri, tədris və ixtisaslaşdırılmış akademiyaları ilə işgüzar əlaqələrə daim xüsusi önəm verilir.

Baş Prokurorluqda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin sədrliyi ilə Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda səfərdə olan Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskiene və Litvanın Xüsusi İstintaq Xidmətinin direktoru Jidrunas Bartkus fəxri qonaqlar qismində iclasa qatılıblar.

Şuranın iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Bakı Dövlət Universitetinin, Dövlət İdarəçilik Akademiyasının, ADA Universitetinin, Milli Aviasiya Akademiyasının, eləcə də digər dövlət orqanlarının, ali təhsil müəssisələrinin, Ədliyyə, Polis, Dövlət Təhlükəsizliyi Xidməti, Gömrük akademiyalarının, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin nümayəndələri iştirak ediblər.

Elmi-Məsləhət Şurasının iclasını açan Baş prokuror ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələr, o cümlədən ölkə rəhbərliyinin dəstəyi ilə işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən geniş quruculuq-bərpa işləri, beynəlxalq müstəvidə qazanılan uğurlar, eləcə də prokurorluq orqanlarının ötən dövrdə fəaliyyəti, o cümlədən həyata keçirilən islahatlar barədə Şura üzvlərini məlumatlandırıb.

Nida Qrunskiene cinayət və korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan ilə Litva arasında əməkdaşlıq barədə çıxış edib. Xüsusi vurğulanıb ki, hər iki qurum arasında əməkdaşlıq əlaqələri zəngin təcrübəyə və uğurlu nəticələrə əsaslanır.

Jidrunas Bartkus Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Litva Respublikasının həyata keçirdiyi "Azərbaycanda aktivlərin bərpası və idarə edilməsi sistemində islahatlara dəstək" Tvininq layihəsinin əsas məqsədləri barədə ətraflı çıxış edib.

Bundan əlavə, Şuranın iclasında Baş Prokurorluğun idarə rəisi Vüqar Əliyev "Azərbaycan Respublikasında aktivlərin bərpası sahəsində mövcud vəziyyət", Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin idarə rəisi Natiq Eyvazov "Milli antikorrupsiya fəaliyyətində beynəlxalq standartların tətbiqi vəziyyəti" mövzularında məruzələrlə çıxış ediblər.

Eyni zamanda, iclasda Dövlət Gömrük Komitəsi Akademiyasının baş müəllimi Şahin Hüseynov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Fərid Dadaşov və Elmi-Məsləhət Şurasının katibi, hüquq üzrə fəlsəfə doktoru Nigar Qələndərli tərəfindən metodiki vəsaitlərin və kitabların təqdimatları keçirilib.

Daha sonra Elmi-Məsləhət Şurası üzvlərinin gündəlikdə duran mövzular, o cümlədən müxtəlif hüquqi məsələlərə dair çıxışları dinlənilib, geniş müzakirələr aparılıb.

AZƏRTAC