Baş Prokurorluğun əməkdaşları sahilyanı təmizlik aksiyasına qatılıblar
Digər xəbərlər

Baş Prokurorluğun əməkdaşları sahilyanı təmizlik aksiyasına qatılıblar

Ölkəmizdə çimərlik mövsümünün bitməsi ilə əlaqədar sentyabrın 24-də İDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun birgə təşkilatçılığı ilə növbəti sahilyanı təmizlik aksiyası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, karantin rejimi qaydalarına əməl olunmaqla Bilgəh çimərliyində keçirilən aksiyada 100-ə yaxın könüllü iştirak edib. 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə aksiyaya Baş Prokurorluqda ictimai köməkçi qismində fəaliyyət göstərən könüllülər və prokurorluq əməkdaşları qatılıblar.

“Sahillər təmiz qalsın!” şüarı altında Bilgəh çimərliyi ərazisində təşkil edilən aksiyanın əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və bütün gəncləri dənizətrafı mühitin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdir.

Tədbir zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları tərəfindən çimərliyin 2 hektara yaxın sahil zolağı plastik və digər məişət tullantılarından təmizlənib. Tullantıların toplanması prosesini daha səmərəli təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub, toplanmış tullantılar çeşidlənərək təkrar emal üçün “AzEkol” şirkətinə təhvil verilib.

AZƏRTAC