Baş Prokurorluğun onlayn sessiyasında barəsində şikayət olunan vətəndaş təqsirləndirilən şəxs qismində cəlb edilib
Digər xəbərlər

Baş Prokurorluğun onlayn sessiyasında barəsində şikayət olunan vətəndaş təqsirləndirilən şəxs qismində cəlb edilib

Baş Prokurorluğun instaqramdakı səhifəsində iyunun 18-də keçirilən sual-cavab sessiyası (#prokurorluqlasualcavab) zamanı ayrı-ayrı şəxslər tərəfindən Klara Cəfərovanın Avropada işə düzəltmək adı ilə onlardan və digər şəxslərdən müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi barədə müraciətlər daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bir qrup şəxsin “Poseidon Talents Consulting” MMC-nin direktoru Klara Cəfərova tərəfindən xarici ölkələrə göndərilməsi, təyyarə biletlərinin alınması, viza və sığorta sənədlərlə təmin edilməsi adı ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 10 epizod üzrə müxtəlif məbləğlərdə pul alaraq dələduzluq etməsi faktına görə Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlandığı müəyyən olunub.

İyunun 19-da Klara Cəfərova həmin Məcəllənin 178.2-ci (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq, işin materialları ilə tanışetmə həyata keçirilir. Cinayət işinin qısa müddətdə məhkəməyə göndərilməsi nəzərdə tutulub.

Baş Prokurorluq bildirir ki, digər 14 zərərçəkmiş şəxsin Klara Cəfərovanın qanunsuz hərəkətlərinə dair müraciətləri ilə bağlı daha bir cinayət işi ayrılmaqla, hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.

AZƏRTAC