Baş Prokurorluq: Bakıda su xəttinə qanunsuz qoşulma ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Baş Prokurorluq: Bakıda su xəttinə qanunsuz qoşulma ilə bağlı cinayət işi başlanıb

Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə bu sahədə mövcud hüquqpozmalarla mübarizə tədbirləri prokurorluq orqanları tərəfindən davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində Albalılıq-2 yaşayış massivində su təchizatı şəbəkəsinə qanunsuz qoşulma faktına dair “Azərsu” ASC-dən daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin, rayon prokurorluqlarının və “Azərsu” ASC-nin əməkdaşlarının iştirakları ilə əraziyə baxış keçirilib və araşdırma aparılıb.

Aparılmış araşdırmalarla həmin ərazidə 10 evin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən “Bakıelektrikşəbəkə”yə məxsus 35 kilovoltluq yarımstansiyanın önündə yeraltında mövcud su xəttinə qanunsuz qoşulmaları və bunu qanuniləşdirmək məqsədilə hər biri 268 manat olmaqla ümumilikdə 2680 manat məbləğində pul vəsaitini Xəzər Sukanal İdərəsinin işçisi Hüseynov Elvin Şahgəldi oğluna vermələrinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması İstintaq idarəsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilir.

AZƏRTAC