Baş Prokurorluq: Gürcüstandan Azərbaycana bir nəfər ekstradisiya edilib
Digər xəbərlər

Baş Prokurorluq: Gürcüstandan Azərbaycana bir nəfər ekstradisiya edilib

Azərbaycan Respublikasının Baş Prokurorluğu milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində, Azərbaycan ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü respublikamıza ekstradisiya olunması barədə sorğu edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Səlimov Elşad Tofiq oğlunun ayrı-ayrı şəxslərin etibarından sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr müəyyən olunub.

Elşad Səlimov barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin Gürcüstan ərazisində yerinin müəyyənləşdirilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Gürcüstan Baş Prokurorluğuna sorğusu təmin edilib və Elşad Səlimov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya olunub.

AZƏRTAC