Baş Prokurorluq: Sabiq deputat Eldəniz Səlimovla bağlı cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

Baş Prokurorluq: Sabiq deputat Eldəniz Səlimovla bağlı cinayət işi məhkəməyə göndərilib

Milli Məclisin deputatı Eldəniz Səlimovun iyulun 29-da Xaçmaz şəhərindəki "Starıy Dvor" restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, istintaqla həmin tarixdə Eldəniz Səlimovun qohumuna məxsus restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə onun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən olunub.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AZƏRTAC