Baş Prokurorluq və DİN narkotik vasitələrin alqı-satqısına görə tutulan şəxsin ölməsi barədə məlumat yayıb
Digər xəbərlər

Baş Prokurorluq və DİN narkotik vasitələrin alqı-satqısına görə tutulan şəxsin ölməsi barədə məlumat yayıb

Avqustun 2-də Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən rayon sakini 1990-cı il təvəllüdlü Tural İsmayılovun evində axtarış aparılıb.

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilib ki, axtarış zamanı 8 bükülüdə psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Tural İsmayılov şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Siyəzən Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilib. Həmin gün saat 22 radələrində onun səhhəti saxlanıldığı müvəqqəti saxlama yerində qəfildən pisləşdiyindən polis əməkdaşları tərəfindən o, dərhal Siyəzən Regional Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, Tural İsmayılov orada ölüb.

Hazırda faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır. Tural İsmayılovla eyni və qonşu kameralarda saxlanılan şəxslərin və növbədə olan polis əməkdaşlarının izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.

Qeyd edək ki, ekspert tərəfindən keçirilmiş ilkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək.

AZƏRTAC