Baş Prokurorluq xarici tərəfdaşlarla təcrübə mübadiləsi həyata keçirib
Digər xəbərlər

Baş Prokurorluq xarici tərəfdaşlarla təcrübə mübadiləsi həyata keçirib

Azərbaycan və Rusiya Baş Prokurorluqları arasında imzalanmış 2021-2023-cü illər üçün Əməkdaşlıq Proqramından irəli gələn müddəaların icrası məqsədilə Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizdə səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tərəflərin əldə etdikləri müsbət təcrübələrin qarşılıqlı olaraq ötürülməsini nəzərdə tutan səfər proqramının məqsədlərinə uyğun olaraq Baş Prokurorluqda xarici nümayəndələrin iştirakı ilə dəyirmi masa təşkil edilib. Qarşısının alınmasında beynəlxalq əməkdaşlığın müstəsna dərəcədə vacib əhəmiyyət kəsb etdiyi korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində qanunvericiliyin tətbiqi təcrübəsi, habelə bu növ hüquqpozmaların törədilməsi yolu ilə əldə edilmiş əmlakın xaricdən geri qaytarılmasının aktual məsələlərinin müzakirə olunduğu həmin tədbirdə müvafiq təcrübəyə malik əməkdaşların təqdimatları nümayiş etdirilib.

Proqram üzrə prokurorluğun struktur qurumlarının nümayəndələrinin dinləyici qismində qatıldığı növbəti tədbirdə xarici həmkarlar tərəfindən son dövrlər qlobal səviyyədə aktuallığı ilə qabaqcıl mübarizə metodlarının tətbiqini şərtləndirən kriptovalyutalardan istifadənin hüquqi statusu və onların xaricə çıxarılmasının qarşısının alınmasına dair qonşu ölkədə formalaşmış yeni təcrübələrdən bəhs edilib.

Daha sonra Azərbaycan Prokurorluğunun struktur qurumlarının işi ilə yaxından tanış olan qonaqlara dövlət orqanında aparılmış struktur islahatlar nəticəsində cinayətkarlığa qarşı mübarizədə yeni tətbiq olunan qabaqcıl hüquqi yanaşmalardan bəhs edilib. Həmçinin onlar Baş Prokurorluğun yeni inzibati bina kompleksi və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binalarında yaradılmış səmərəli əmək şəraiti ilə tanış edilib, kriminalistik və digər elmi-texniki imkanlar barədə məlumatlandırılıblar.

Səfər zamanı ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli irsi barədə müfəssəl məlumatlılığın təmin edilməsi məqsədilə nümayəndə heyəti İçərişəhərdə yerləşən UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmiş tarixi-memarlıq abidələri ilə tanış olub. Eləcə də Heydər Əliyev Mərkəzinə səfər edən qonaqlara orada yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

AZƏRTAC