Baş Prokurorluqda çalışan bir qrup dövlət qulluqçusuna mükafatlar təqdim olunub
Digər xəbərlər

Baş Prokurorluqda çalışan bir qrup dövlət qulluqçusuna mükafatlar təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə təsis edilmiş "Dövlət Qulluqçularının Peşə Bayramı Günü" ilə əlaqədar Baş Prokurorluqda tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev dövlətçiliyimizin banisi, ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra respublikamızda əldə olunan ictimai-siyasi sabitlik və dayanıqlı iqtisadi təməllərin atılmasının dövlət qulluğunun da inkişafına səbəb olduğunu qeyd edib. Baş prokuror Ulu Öndərin layiqli davamçısı İlham Əliyev tərəfindən dövlət qulluğunun həyata keçirilməsinin müasir inkişaf mərhələsinə qədəm qoymaqla Prezidentin 23 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya"nın bu sahədə düşünülmüş islahatların əsasını təşkil etdiyini bildirib.

Daha sonra peşə bayramı günü münasibətilə xidmətdə fərqlənən bir qrup dövlət qulluqçusuna Baş prokuror tərəfindən mükafatlar təqdim edilib.

AZƏRTAC