Baş Prokurorluqda müsabiqə qaliblərinə və media qurumlarına mükafatlar təqdim olunub
Digər xəbərlər

Baş Prokurorluqda müsabiqə qaliblərinə və media qurumlarına mükafatlar təqdim olunub

Fevralın 15-də Baş Prokurorluqda Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Azərbaycan Prokurorluğu üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq keçirilmiş "İlin ən yaxşı müstəntiqi" və "İlin ən yaxşı dövlət ittihamçısı" müsabiqələrinin qaliblərinə, həmçinin "Prokurorluğun dostu" təltifinə layiq görülmüş media qurumlarının nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı tədbir keçirilib.

Bu barədə verilən məlumata görə, tədbirdə Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından dəstəyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin hər bir dövlət təsisatında olduğu kimi prokurorluq orqanlarında da prioritet məsələlər sırasında yer tutduğunu bildirib.

Sonra qeyd olunan müsabiqələrin təşkili və keçirilmə qaydası barədə "İlin ən yaxşı müstəntiqi" Müsabiqə komissiyasının sədri - Baş prokurorun birinci müavini Elçin Məmmədov və "İlin ən yaxşı dövlət ittihamçısı" Müsabiqə komissiyasının sədri - Baş prokurorunun müavini Heydər Məmmədov çıxış edərək ətraflı məlumat veriblər.

Müsabiqələrin nəticələrinə əsasən "İlin ən yaxşı müstəntiqi" seçilmiş Xaçmaz rayon prokurorluğunun böyük müstəntiqi Fərrux Əzimli və "İlin ən yaxşı dövlət ittihamçısı" seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Müşfiq Rəhimova Baş prokuror tərəfindən diplom və mükafatlar təqdim olunub.

Mərasimdə xidməti vəzifələrinin icrasında fərqlənmiş, o cümlədən əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilən qəsdən adam öldürmə cinayətlərinin açılmasında peşəkarlıq göstərmiş bir qrup əməkdaşa həvəsləndirmə qaydasında mükafatlar təqdim edilib.

Xüsusi vurğulanıb ki, Ulu Öndər "Heydər Əliyev İli" çərçivəsində mükafatlara layiq görülmüş əməkdaşlar öz məsuliyyətini dərk etməklə bundan sonra da xidməti fəaliyyətlərində səmərəliliyin yüksəldilməsinə çalışacaqlar.

"Prokurorluğun dostu" təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Qeyd edilib ki, 2022-ci ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC, "Xalq qəzeti" və "Lent.az" xəbər saytı "Prokurorluğun dostu" mükafatı ilə təltif olunub.

Mərasim çərçivəsində, həmçinin "İctimai" televiziyada yayımlanmaqla geniş tamaşaçı kütləsinin böyük marağına səbəb olmuş "Əqrəb mövsümü" çoxseriyalı bədii filminin yaradıcı heyəti və aktyorları təltif ediliblər.

M.MUSTAFAYEV,

“Respublika”.