Baş Prokurorluqda TAIEX texniki yardım aləti çərçivəsində keçirilən təlimə yekun vurulub
Digər xəbərlər

Baş Prokurorluqda TAIEX texniki yardım aləti çərçivəsində keçirilən təlimə yekun vurulub

Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciəti əsasında TAIEX texniki yardım aləti çərçivəsində Avropa Komissiyası tərəfindən keçirilən "Yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması (prevensiyası) və bu işlər üzrə dövlət ittihamının müdafiə edilməsinin xüsusiyyətləri" mövzusunda keçirilən ekspert missiyası başa çatıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, missiya çərçivəsində dəyirmi masa formatında təşkil olunmuş dördgünlük təlimdə Baş Prokurorluğun, Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin və bir sıra birinci instansiya məhkəmələrinin hakimləri, habelə Daxili İşlər və Ədliyyə nazirliklərinin nümayəndələri iştirak ediblər.

İnteraktiv formada təşkil olunmuş təlimdə ispaniyalı ekspertlər Silviya Martinez Kanton və Vanessa Untiyed tərəfindən təlimin mövzusu ətrafında çıxışlar və təqdimatlar edilib. Həmçinin Avropa İttifaqının yuvenal ədliyyəsinin ümumi prinsipləri, bu sahədə cinayət prosesinin istintaq texnikası, psixoloji cəhətləri və məhkəmə icraatının xüsusiyyətləri, Avropa İttifaqı və BMT çərçivəsində formalaşmış beynəlxalq-hüquqi baza, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yanaşma və standartları, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin qarşısının alınması və sair mövzular barədə geniş məlumat verilib.

AZƏRTAC