Basqal qəsəbəsində yeni su layihəsinin icrasına başlanıb
Region

Basqal qəsəbəsində yeni su layihəsinin icrasına başlanıb

Azərbaycanın unikal yaşayış məskəni olan, tarixi turizm potensialına malik İsmayıllı rayonunun Basqal qəsəbəsində içməli və tullantı su layihəsinin icrasına başlanılıb. Qəsəbənin qədim hissəsini əhatə edən Basqal Dövlət Tarix Qoruğu ərazisində yeni içməli su təchizatı sistemləri yaradılır, qəsəbənin kanalizasiya sistemləri müasir şəkildə yenidən qurulur. 

Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Basqal Dövlət Tarix Qoruğunun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icra vəziyyəti “Azərsu” ASC-nin, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin, Basqal Dövlət Tarix Qoruğunun rəhbərliyinin iştirakı müzakirə olunub.

Orta əsr şəhər mədəniyyətinin elementlərini özündə əks etdirən Basqal qəsəbəsində qədim içməli su təchizatı və kanalizasiya sistemləri mövcud olub. Qədim bulaqlar, kanalizasiya şəbəkəsi və kürəbəndlər (kanalizasiya quyuları) XIII əsrdən indiyədək istismar edilib. 

Son dövrlər qəsəbənin genişlənməsi və turizm əhəmiyyətinin artması nəzərə alınaraq qəsəbənin memarlıq üslubu gözlənilməklə içməli və tullantı su sistemlərinin yenidən qurulmasına qərar verilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiyası hesabına həyata keçirilən layihəyə əsasən, qəsəbəyə içməli su Təndirəki mənbəyindən veriləcək. Bu məqsədlə suqəbuledici qurğu yenidən qurulur, mənbədən qoruq ərazisinə polad borularla magistral su kəməri çəkilir. Qəsəbəyə verilən suyun dayanıqlığını təmin etmək üçün həcmi 300 kubmetr olan su anbarı da inşa olunur.

İlkin mərhələdə qəsəbədə 5,7 km uzunluğunda içməli su, 6,7 km kanalizasiya şəbəkəsi yaradılacaq, hər bir ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq. Qəsəbə ərazisində yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 650 kubmetr olan modul tipli tullantı sutəmizləyici qurğu və  2,1 km uzunluğunda kollektor da inşa ediləcək. Birinci mərhələ üzrə işlərin 2022-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.

“Respublika”.