BDU-da
Digər xəbərlər

BDU-da "XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları" mövzusunda beynəlxalq elmi konfrans başlanıb

Dekabrın 21-də Bakı Dövlət Universitetində (BDU) "XXI əsrin yeni çağırışları və hüquq sahəsində inkişafın müasir tendensiyaları" mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans BDU-nun Hüquq fakültəsi, Almaniyanın Halle-Vittenberq Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti, Litvanın Vilnüs Universiteti, Fransanın Lion Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Azərbaycanın əsrarəngiz gözəlliklərini əks etdirən videoçarx və BDU-nun infoturu təqdim edilib.

Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev giriş sözü ilə çıxış edərək elmi konfransın işinə uğurlar arzulayıb. Qeyd edib ki, BDU-nun Hüquq fakültəsi fəaliyyət göstərdiyi müddətdə minlərlə yüksəkixtisaslı hüquqşünas kadr yetişdirərək respublikanın hüquq-mühafizə orqanlarını, dövlət və hökumət təşkilatlarını hüquqşünas kadrlarla təmin edib. Bu fakültə respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir. Fakültə Azərbaycan hüquq elminin ən aparıcı və köklü hüquq təhsil mərkəzi kimi həmişə özündə kifayət qədər elmi potensialı cəmləşdirib. BDU-nun Hüquq fakültəsi son dövrlər dünyanın nüfuzlu elm-təhsil mərkəzləri ilə sıx əlaqələr yaradıb, bu əlaqələr tədrisin keyfiyyətinin və elmi səviyyəsinin daim yüksəldilməsinə xeyli dərəcədə müsbət təsir göstərib.

Elçin Babayev əlavə edib ki, konfransın keçirilməsi Bakı Dövlət Universitetinin həyatında mühüm hadisədir və şübhəsiz ki, bu, elmi tədqiqatlar prosesinin yaxşılaşdırılmasına öz töhfəsini verəcək, daha səmərəli iş üçün stimul yaradacaq. BDU-nun professor-müəllim heyəti, ölkəmizin tanınmış hüquqşünasları ilə yanaşı, konfransda Türkiyə, Almaniya, Fransa, Litva, Moldova, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Özbəkistan və digər dövlətlərinin nüfuzlu hüquqşünas-alimləri də iştirak edir.

Açılış mərasimində Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatı, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri professor Ziyafət Əsgərov, Ukraynanın Kiyev Hüquq Universitetinin rektoru Yuri Boşitski, Özbəkistanın Daşkənd Dövlət Hüquq Universitetinin rektoru İslambek Rüstəmbekov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Litvanın Vilnüs Universitetinin Hüquq fakültəsinin dekanı Tomas Davilius, Türkiyənin Ankara Universitetinin Hüquq fakültəsinin dekanı Muhərrəm Özən, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin Hüquq fakültəsinin dekanı Daulet Baydeldinov, Türkiyənin İstanbul Universitetinin Hüquq fakültəsinin dekanı Ömər Əkməkçi, Rusiyanın Kazan Federal Universitetinin Hüquq fakültəsinin dekanı Liliya Bakulina, Ukraynanın Kiyev Milli Aviasiya Universitetinin Hüquq fakültəsinin dekanı İrina Sopilko, Türkiyənin Bolu Abant İzzət Baysal Universitetinin Hüquq fakültəsinin dekanı Şabah Kayihan və Rusiyanın Moskva Dövlət Universitetinin professoru Anatoli Belkin çıxış ediblər.

Konfransda Özbəkistanın Daşkənd Hüquq Universiteti, Litvanın Vilnüs Universiteti, Almaniyanın Halle-Vittenberq Universiteti ilə BDU arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

Plenar iclasda Özbəkistanın Daşkənd Dövlət Hüquq Universitetinin rektoru İslambek Rüstəmbəyov "Postsovet məkanında hüquq elmi və təhsilinin islahatı", Türkiyənin İstanbul Universitetinin professoru Cüneyt Yüksel "İqlim dəyişikliyi ilə mübarizənin insan hüquqlarına təsiri", BDU-nun Hüquq fakültəsinin dosenti Gülnaz Rzayeva "Yeni texnologiyalar və yeni hüquqlar: əsas prinsiplər" mövzusunda məruzə ediblər.

Konfransda müasir dövrdə hüquq nəzəriyyəsi və tarixi, konstitusionalizm problemləri, beynəlxalq hüquqi standartlar: yeni istiqamətlər və milli hüquq sisteminin inkişafı, cinayət hüququnun inkişafının yeni tendensiyaları, cinayət prosesi və kriminalistikanın müasir problemləri, insan hüquqları, əqli mülkiyyət və informasiya hüququ, mülki hüquq, kommersiya hüququ və əmək hüququnun müasir problemləri istiqamətləri üzrə müzakirələr aparılır.

 Beynəlxalq konfrans işini dekabrın 22-də davam etdirəcək.

AZƏRTAC