Bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

Bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Lerik rayonunun Noda kənd bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Lerik Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, ibtidai istintaqla Noda bələdiyyəsinin sabiq sədri Səlim Səfərovun işlədiyi müddətdə dövlət büdcəsindən bələdiyyəyə ayrılmış 1950 manat dotasiyanın 1600 manatını təyinatı üzrə istifadə etməyib nağdlaşdıraraq şəxsi ehtiyacına xərclədiyi, həmçinin həmin pul vəsaitinin təyinatı üzrə xərclənməsi görüntüsünü yaratmaq məqsədilə rəsmi sənədə bilə-bilə yalan məlumat daxil edərək vəzifə saxtakarlığı etdiyi müəyyənləşdirilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Səlim Səfərov Cinayət Məcəlləsinin 179.2.3-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

AZƏRTAC