Bəlkə mən də sənin kimi şəhid oldum...
Sosial həyat

Bəlkə mən də sənin kimi şəhid oldum...

Vətən müharibəsi şəhidi Adəm İlqar oğlu Əliyev 2000-ci il noyabrın 19-da Ağdam rayonunun Üçoğlan kəndində anadan olub. 2002-ci ildə ailə Kürdəmirə köçüb. Məktəbi bitirdikdən sonra Adəm Bakıda əczaçılıq kursuna yazılıb. 2019-cu ildə kursu bitirib və hərbi xidmətə yollanıb. 3 ay Gəncədə, aprel ayında isə Daşkəsəndə "N" saylı hərbi hissədə ön cəbhədə qulluq edib, həm də müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işə başlayıb. Azərbaycan Ordusunun əsgəri Adəm Əliyev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərə qatılıb.

20 yaşlı oğlunun qəhrəmanlıqlarından, mərdliyindən və şücaətindən anası Akifə Ağayeva söz açır: "İki oğlumu təkbaşıma böyütmüşəm. Adəm çox güclü, fədakar və istiqanlı uşaq olub. İki qardaş ağılları kəsəndən əzab-əziyyət görüblər. Adəm 15 yaşından səhər məktəbə gedirdi, günortadan sonra işləyib pul qazanırdı ki, mənə kömək olsun. Kənd həyatını çox sevirdi. "Mən baytar olacağam", deyirdi, etiraz etmirdim, gülürdüm"...

Qəhrəmanın anası qeyd edir ki, Aprel döyüşlərində həmyerlisi, Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı Əbubəkir İsmayılovun şəhid olması Adəmi çox sarsıdıb. "Bir gün dedi ki, "Ana, Əbubəkrə şeir ithaf etmişəm". Oğlumun ürəyindəki Vətən sevgisi məni təəccübləndirmişdi. Şəhid olandan sonra gündəliyini tapdım, nədənsə məzuniyyətə gələndə evdə qoymuşdu.

Adəmin başqa bir dostu 2018-ci ildə şəhid olmuşdu. Daşkəsənə xidmətə gedəndən sonra zəng vurub dedi ki, "Ana, bilirsən hara gəlmişəm, Fuadın şəhid olduğu yerə"... Çox ağladım, dedi, "Narahat olma, buranın yolunu düzəldiblər". Fuad uçquna düşmüşdü. 3 gün sonra tapmışdılar. Gündəliyində Fuad haqqında yazmışdı ki, "Sağ olsaydın indi bir yerdə xidmət edirdik. Nə bilmək olar, bəlkə mən də sənin kimi şəhid oldum. İndi məzarları düz Fuadla yanaşıdır. Adəm heç vaxt xidmətdəki çətinlikdən danışmazdı. Yanına gəlməyə də qoymazdı. Gündəliyini oxuyandan sonra bilmişəm ki, balam odun-alovun içində olub. Buna baxmayaraq, təyinatı gələndə sevindiyindən qanad açıb uçurdu. Əslində o müharibənin olacağını bilirdi. Zəng edəndə deyirdi ki, "Sən özündən muğayat ol, mən də yaxşı olum"... Görüntülü danışırdıq, yatana kimi söhbət edirdi ki, darıxmayım".

Akifə ana oğlu ilə son dəfə sentyabrın 25-i görüntülü danışıb: "Sentyabrın 26-sı yazdı ki, "Ana, yuxarı qalxırıq, imkan olanda yığacağam", sonra telefonu söndürüb. Sentyabrın 27-si müharibə başladı. Cəbhəyə gedən gündən güclü təlimlər keçirdilər. Oğlum müharibənin ilk səhifələrinə qanı ilə tarix yazdı. Sentyabrın 27-si silahdaşları ilə birlikdə Kəlbəcər istiqamətində döyüşə yollanıb. Çox şiddətli döyüşlər nəticəsində bir neçə post almağa müvəffəq olublar. 28-i isə axşam oğlumun şəhid xəbəri gəldi. Həmin gün ürəyimə daş asılmışdı, oğlum Arif elə hey sakitləşdirməyə çalışsa da, özümə gələ bilmirdim. Adəmim arzusuna çatdı, şəhid oldu..."

Murovdağ döyüşləri zamanı şəhadətə yüksələn Əliyev Adəm İlqar oğlu ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ömrü yarımçıq qırıldı, həssas qəlbi, duyğusu ilə Vətənə, torpağa, el-obaya bağlanmış bu igidin. Düşmən 20 yaşında onun ömrünə nöqtə qoysa da əbədiyyətə çevrilmiş Vətən sevgisini, həyatda qoyduğu izləri heç vaxt silə bilməyəcək. Daim öz dostlarının, qohumlarının, tanışlarının və xalqımızın yaddaşında qəhrəman bir gənc kimi yaşayacaq.

Canını Vətən yolunda qurban verən Adəm qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı.

Müşfiq MİRZƏ,

"Respublika".