Bərdə: Mənəvi dəstək borcumuzdur
Sosial həyat

Bərdə: Mənəvi dəstək borcumuzdur

Vətən müharibəsində xalqımıza möhtəşəm qələbə sevincini yaşadan igidlikləri ilə adlarını tarixə əbədi olaraq qızıl hərflərlə yazan şəhidlərimiz xalqımızın and yerinə çevrilmişlər. Respublikamızın hər yerində ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalanların xatirəsi əziz tutulur, adları əbədiləşdirilir, ailələri daim ziyarət olunur.

Bərdə şəhər şəhid Alı Mustafayev adına 5 saylı tam orta məktəbdə rayonun şəhid ailələri ilə görüş keçirilmişdir. Tədbirdə şəhid Alı Mustafayevin məktəbin həyətindəki büstü önünə gül dəstələri düzülmüş və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin foyesində şəhidlərin xatirəsinə həsr edilmiş sərgiyə baxış keçirilmişdir.

Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, məktəbin direktoru Teymur Həmidov, Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova, rayon Təhsil şöbəsinin müdir əvəzi Ədalət İsmayılov, YAP rayon təşkilatının təlimatçısı Nurayə Məmmədova, şəhid valideynləri və fəal gənc Ramal Əhmədov çıxış etmişlər.

5 saylı tam orta məktəbin direktor müavini Zərifə Məmmədova 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən və bu qələbədə payı olan məktəbin məzunları - üç şəhidin, Qəribzadə Fəxri Elmir oğlu, Quliyev Aqil Mətləb oğlu və Quliyev Elçin Rövşən oğlunun igidlikləri haqqında danışmış, məktəbdə onların guşələrinin yaradıldığını bildirmişdir. Tədbirdə Fəqət Şadlinskaya ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətindən, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyulmasından, 15 İyun — Milli Qurtuluş Günündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən və bu səfər zamanı imzalanan Şuşa Bəyannaməsindən, ölkəmizdəki 48 siyasi partiyanın bu Bəyannaməyə dəstək Bəyanatından danışmışdır.

Şəhid valideynləri Vətən müharibəsindəki tarixi Qələbənin Ali Baş Komandanın rəhbərliyi, şəhidlərimizin qanı və qazilərimizin canı hesabına başa gəldiyini vurğulamış və möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə etmişlər.

Görüşdə şəhər 5 saylı tam orta məktəbin şagirdləri kompozisiya nümayiş etdirmiş, vətən və şəhidlər haqqında şeirlər söyləmişlər.

Vəli VƏLİYEV,

“Respublika”.