Bərdə rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Bərdə rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Bərdə rayonunun Xanərəb kəndi ərazisində qovaq ağaclarının kəsilərək məhv edilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən rayon prokurorluğuna daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Bərdə Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırma ilə həmin ərazidə 58 qovaq ağacının kəsilərək məhv edildiyi, nəticədə təbiətə 12 min 590 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.1-ci (qanunsuz ağac kəsmə təkrar törədildikdə) və 259.2.4-cü (qanunsuz ağac kəsmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması rayon polis şöbəsinin istintaq bölməsinə tapşırılıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

AZƏRTAC