Bərdə: Ruhları şad olan şəhidlərimiz
Region

Bərdə: Ruhları şad olan şəhidlərimiz

Vətən müharibəsi şəhidi Baxşəliyev Nicat Ziyafət oğlunun 28 yaşı olur. Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, partiya fəalları – Səfura Hümbətova,  Nurayə Məmmədova, Mehparə Mustafayeva, Elmir Məmmədov və şəhər 3 və 7  saylı tam orta məktəbin şagirdləri şəhid  əsgər  Baxşəliyev Nicat Ziyafət oğlunun ailəsinə baş çəkmiş, məzarını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.

Çavuş Nicat Baxşəliyev Vətən müharibəsində Suqovuşan istiqamətində döyüşlərdə iştirak etmiş və şəhidlik zirvəsinə ucalmışdır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı  ilə  əsgər oğlu ölümündən sonra “Vətən uğrunda”  medalı   ilə təltif edilmişdir.
Fəqət Şadlinskaya bildirmişdir ki, 2020-ci il ölkəmiz üçün Zəfər ili kimi tarixə düşdü. Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində torpaqlarımız mənfur düşmən işğalından azad edildi, ölkəmizin ərazi bütövlüyü təmin edildi.
Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Yaxınları Nicatın hərbi xidmətdəki  şücaətlərindən və ömür yolundan söz açmışlar. Eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını ifadə ediblər. Görüş zamanı məktəblilər vətən və şəhidlər haqqında şeirlər söyləyiblər.

Vəli VƏLİYEV,

“Respublika”.