BƏRDƏ SUQOVUŞANIN SUYUNDAN BƏHRƏLƏNİR
Region

BƏRDƏ SUQOVUŞANIN SUYUNDAN BƏHRƏLƏNİR

Qədim Bərdə Qarabağın böyük rayonlarından biridir. Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Hələ qədimdən bu bərəkətli torpaqlardan rayon sakinləri səmərəli istifadə edərək yüksək məhsuldarlığa nail olmuşlar. Bu gün də bu ənənə davam etdirilir. Bərdə havaların isti olduğu bölgələrdəndir. Belə olduğu halda həyat mənbəyi olan suya tələbat bir neçə dəfə artır.

Son yüzillikdə dünyada qlobal istiləşmə hökm sürür. Bu bəlanın qarşısını almaq üçün müxtəlif su mənbələri taparaq bunlardan istifadə edilməsi və strateji əhəmiyyətə malik olan su anbarlarının inşa olunması zərurəti meydana gəlmişdir. Sirr deyil ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi, meliorasiya sistemində də mövcud problemlərin aradan qaldırılmasında misilsiz işlər görülmüşdür. Eyni zamanda ölkəmiz müstəqillik əldə etdikdən sonra dövlətimizin başçısı cənab İlham Əliyev respublika iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində bir sıra vacib islahatların həyata keçirilməsi üçün vacib sərəncamlar imzalamışdır. Ölkədə suvarma suyuna olan tələbatın ödənilməsi əkinçilikdə yüksək məhsuldarlığın əldə olunmasına zəmin yaratmışdır.

İnkişaf etmiş Bərdə rayonu da aparılan islahatlardan yetərincə bəhrələnir. Bərdə Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədovla elə iş başında görüşərək bu mövzu ətrafında həmsöhbət olduq. Sərdar Əhmədov Suqovuşanın bölgədə əhəmiyyətindən danışaraq bildirdi ki, 30 ilə yaxın digər dilbər guşələrlə yanaşı Suqovuşan da işğalda qaldı. Bu müddətdə mənfur düşmənlər saysız-hesabsız ekoloji terror törətdilər. İşğal etdikləri ərazilərdən, o cümlədən Suqovuşan su anbarından istədikləri kimi istifadə etdilər. Həmin dövrdə anbardan yalnız suya ehtiyac olmadığı hallarda Tərtərçaya su ötürülürdü. Bu isə heç nəyə lazım deyildi. 44 günlük Vətən müharibəsində cəsarətli Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı, eyni zamanda strateji əhəmiyyətə malik olan Suqovuşan Su Anbarını işğaldan azad etdi. Bu strateji əhəmiyyətli obyektin azad olunması bölgəyə həyat gətirdi. İndi suvarma suyu ilə bağlı mövcud problemlər aradan qaldırılır, eyni zamanda subartezian quyularından da istifadə minimuma endirilir ki, bu da elektrik enerjisinə qənaət deməkdir. Bərdə Suvarma Sistemləri İdarəsi rayon üzrə 63406 hektar əkinəyararlı torpaqların suvarılmasını təmin edir. Cari ildə 10678 hektar pambıq, 11152 hektar taxıl, 28 min hektar çoxillik yonca sahələrinin suvarma suyuna olan tələbatı ödənilmişdir. Bundan başqa, 13576 hektar sahədə çuğundur, qarğıdalı, tərəvəz, bostan bitkiləri və başqa bitkilər əkilən sahələrə də xidmət göstərilib.

İdarə Yuxarı Qarabağ kanalından nasoslar vasitəsilə su götürərək 3183 hektar, Kür çayından götürülən su ilə 2625 hektar, subartezian quyuları vasitəsilə 17375 hektar sahənin, eyni zamanda Tərtərçaya gələn su ilə və yerli qaynama suları hesabına tələbatı ödəmişdir.

Qeyd etmək lazımdır ki, Tərtərçaya Suqovuşan Su Anbarından su buraxılır. May-sentyabr aylarında 1973 hektar sahənin suvarılması Tərtərçay vasitəsilə həyata keçirilmişdir.

İdarə rəisi bildirdi ki, idarənin balansında 15 ədəd nasos stansiya, 866 ədəd subartezian quyuları, 12 ədəd artezian quyusu mövcuddur. Bundan başqa Kür çayı üzərində 3 ədəd üzən nasos stansiyası fəaliyyət göstərir. Eyni zamanda səyyar tipli 3 ədəd SMP 50/80 və 1 ədəd SMP 50/40 markalı nasos var.

Bərdə Suvarma Sistemləri İdarəsi tədbirlər planına uyğun olaraq, 157 hidrotexniki qurğunun, 34 hidropostun cari təmirini, 7,5 kilometr beton kanalların cari təmir işlərini həyata keçirmiş, eyni zamanda, 6 ədəd nasos stansiyasında da təmir işləri aparmışdır.

Bundan başqa, 750 min kubmetr suvarma kanalı lildən təmizlənmiş, 480 min kubmetr kollektor dren şəbəkəsində, 50,4 min kubmetr Tərtərçayın məcrasında təmizləmə işləri aparılmışdır. 1,8 kilometr beton kanalı əsaslı təmir edilib. Bununla yanaşı, 532 ədəd subartezian quyusu cari, 6 ədəd subartezian quyusu isə əsaslı təmir olunub. 10 ədəd kommunikasiya xəttinin çəkilişi və sayğacın quraşdırılması, 34 ədəd sazlama işləri aparılmışdır.

İdarə 20 Sudan İstifadə Birliyi ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən idarə suyu SİB-lərə verir və birliklər verilən suyun dəyərinin ödənilməsini həyata keçirir. Eyni zamanda təsərrüfat daxilində suyun paylanmasının növbəlilik qrafiki əsasında həyata keçirilməsinə nəzarət edir.

İdarə növbəti təsərrüfat ilinə tam hazırdır.

Vəli VƏLİYEV,

"Respublika".