Bərdə və Kürdəmir rayonlarında silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib
Digər xəbərlər

Bərdə və Kürdəmir rayonlarında silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərlərində qanunsuz odlu silah-sursat gəzdirən şəxslərə qarşı əməliyyatlar həyata keçiriblər.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bərdə rayon sakini Razi Süleymanov saxlanılıb. Onun üzərində axtarış aparılan zaman kustar üsulla qələm-tapança formasında hazırlanan və atəş üçün yararlı odlu silah, həmin silaha məxsus 3 patron və 4 qram metamfetamin aşkarlanıb.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən daha bir nəfər - Kürdəmir rayon sakini Zaur Kərimov da tutulub. Onun üzərinə baxış zamanı atəşə yararlı "Naqan" markalı tapança, həmin silaha məxsus 7 ədəd patron aşkarlanıb.

Faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılan şəxslərin cinayət əlaqələrinin aşkar olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

AZƏRTAC