Bərdədə pambıq yığımı davam edir
Region

Bərdədə pambıq yığımı davam edir

Respublikada kənd təsərrüfatının mühüm və gəlirli sahələrindən olan pambıqçılığın inkişaf etdirilməsi üçün fermerlərə hərtərəfli dövlət dəstəyi davam etdirilir. Pambığın alış qiymətinin il ərzində iki dəfə dalbadal artırılması, subsidiyaların verilməsi insanların bu sahəyə olan marağını daha da artırır. Nəticədə hər il pambığın istehsal həcmi artır.

Bərdə rayonu pambıqçılığın yüksək təşəkkül tapdığı bölgələrdən biridir. Rayonun pambıq üçün əlverişli iqlimi, münbit torpağı, eyni zamanda zəhmətkeş insanları bol məhsulun əldə olunmasını stimullaşdırır. Hazırda tarlalara sanki ağ xalı sərilmişdir. Bərdə DAİM-nin (Dövlət Aqrar İnkişaf Mərkəzi) direktoru Vüqar İsmayılovla söhbət zamanı bildirdi ki, məhsulun itkisiz, optimal müddətdə toplanması üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılmışdır. Texnikalara vaxtında baxış keçirilmiş, nizam vəziyyətə gətirilmiş, bütün zəruri tədbirlər görülmüşdür.

Bərdədə 48 ədəd pambıqyığan maşın mövcuddur. İndi "ağ qızıl" yığımının qızğın çağıdır. V.İsmayılov qeyd etdi ki, bu il yazda havaların qeyri-normal keçməsi çiyid səpinini bir qədər gecikdirdi. Bu baxımdan ötən ilə nisbətən cari ildə pambıq yığımına gec başlanılmışdır. Buna baxmayaraq, yığımdakı ilkin göstəricilər sahələrdə bol məhsul olacağından xəbər verir.

Bərdə rayonunda ötən il 10678 hektar sahəyə çiyid səpilmiş, 29610 ton xam pambıq əldə olunmuşdur. Bu təsərrüfat ilində isə 11038 hektar sahədə çiyid səpini həyata keçirilərək onlara yüksək aqrotexniki qulluq göstərilmişdir. 4 oktyabr 2022-ci il tarixə olan məlumata görə, 800 hektar sahədə pambıq yığımı aparılmış, indiyədək 2651 ton yüksəkkeyfiyyətli məhsul əldə olunmuşdur. Orta məhsuldarlıq hər hektardan 33,1 sentner təşkil edir.

Mütəxəssislər məhsuldarlığın artacağını proqnozlaşdırırlar. Göründüyü kimi, tarlalardan bol məhsulun əldə olunacağı gözləniləndir. Havaların mülayim və yağmursuz keçməsi fermerlərin ürəyincədir.

"Ağ qızıl" yığımı indiki templə davam etsə, fermerlər yetişdirdikləri məhsulu itkisiz və yüksək keyfiyyətlə tədarük edərək onu vaxtında pambıq qəbulu məntəqələrinə təhvil verəcəklər.

Vəli VƏLİYEV,

"Respublika".