BƏRDƏDƏ ŞƏHİD XUDAYAR AD GÜNÜNDƏ ANILIB
Sosial həyat

BƏRDƏDƏ ŞƏHİD XUDAYAR AD GÜNÜNDƏ ANILIB

44 günlük Vətən müharibəsində Azərbaycanın igid əsgərləri cəsurluq, qorxmazlıq, vətənpərvərlik və ölümün gözünə dik baxmağı nümayiş etdirdilər. Onların hər biri öz salnaməsi, əziz xatirələri ilə daima qəlblərdə yaşayacaq. Döyüşə yüksək əhvali-ruhiyyə ilə, gülə-gülə, nəğmələr oxuyaraq, şən əhvali-ruhiyyədə qatılmaq yalnız Azərbaycan əsgərinə xas olan xüsusiyyətdir. Qəhrəman əsgərlərimiz bilirdilər ki, hər an şəhid ola bilərlər. Buna baxmayaraq qorxaq ermənilərdən fərqli olaraq igidlərimiz “Öldü vardır, döndü yoxdur” devizi ilə döyüşə girmiş, məqsəd və məramları yalnız müqəddəs torpaqlarımızı murdar ermənilərdən təmizləmək olmuşdur.

Belə cəsur döyüşçülərdən biri, 1998-ci ilin iyul ayının 15-də qədim Bərdə torpağında, ziyalı ailəsində dünyaya göz açan Xudayar Yusifzadə olmuşdur. Xudayar Yusifzadə döyüşdən qabaq ifa etdiyi təsnifi ilə bu gün kiçikdən böyüyə hər kəsin qəlbindədir. Xudayarın göstərdiyi igidliklər təsnifdə deyildiyi kimi dastanlara yazılacaq, onun qəhrəmanlığından gələcək nəsillər fərəhlə danışacaqlar. Bəli, Xudayar Yusifzadə öz əməli ilə əbədiləşdi.

Xudayargil ailədə 4 övlad-3 qardaş, 1 bacı olublar. O, subay olmuşdur. İgid əsgər öz ürəyinin səsinə qulaq asaraq 2020-ci il sentyabr ayının 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanan əks-hücum əməliyyatında iştirak etmək üçün öz istəyi ilə müharibəyə yollanmışdır. Onun döyüş yolu Füzuli rayonundan başlamışdır. Füzulinin azad olunmasından sonra Cəbrayıl və Zəngilandan mənfur düşməni iti qovan kimi qovmaq üçün gedən döyüşlərdə şücaət göstərmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, döyüşlər gedən ərəfədə öz vətənpərvər ifaları ilə hər kəsin doğmasına çevrilmiş musiqi təhsilli Xudayar Yusifzadə oktyabr ayının 22-də Zəngilan uğrunda gedən amansız döyüşlərin birində rayonun Ağbənd qəsəbəsində qəhrəmancasına şəhid olmuşdur. Xudayar Müslüm oğlu Yusifzadə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə göstərdiyi saysız-hesabsız igidliklərə görə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

15 iyul 2021-ci il tarixində Bərdə rayonunda şəhid Xudayar Yusifzadənin ad günü münasibətilə ailəsi ziyarət olunmuş, məzarı üzərinə tər gül dəstələri qoyularaq yad edilmişdir.  Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili Şöbəsinin müdiri Samir Səfərov və böyük məsləhətçisi Ziya İsmayılzadə, millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xosrov Musayev, Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərov, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Bərdə filialının sədri Etibar Hüseynova, “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Sürəddin Səfərov, şəhidin qulluq etdiyi “N” saylı hərbi hissənin nümayəndələri iştirak etmişlər. Çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaətindən, qanları ilə tarix yazan qəhrəmanlıqlarından söz açmışlar. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Allah Şəhidlərimizə rəhmət eləsin.

Vəli VƏLİYEV,

“Respublika”.