Bərdənin bombalanması ağır hərbi cinayətdir
Region

Bərdənin bombalanması ağır hərbi cinayətdir

44 günlük Vətən müharibəsi dünyada analoqu olmayan bir zəfərlə başa çatdı. Bu savaş Azərbaycan ordusunun gücünü, əsgərlərimizin rəşadətini, cəsarətini və hünərini bütün dünyaya nümayiş etdirdi. Dünyada baş verən müxtəlif savaşlarda bu qədər qısa müddət ərzində qələbə qazanmaq, torpaqları işğaldan azad etmək heç bir dövlətə nəsib olmamışdır. Bu möhtəşəm qələbənin əldə olunmasının başlıca səbəbləri qətiyyətli Ali Baş Komandanın olması, xalqın dövlət başçısı ətrafında sıx birliyi, ən vacibi isə ölkədə güclü ordunun formalaşması, müasir silahlarla təchiz olunmasıdır. Vətən müharibəsi zamanı tək döyüş meydanında deyil, siyasi müstəvidə də Azərbaycan qələbə çaldı. Prezident İlham Əliyevə bəzi ermənipərəst ölkələrin media nümayəndələrinin ünvanladığı qərəzli suallara verdiyi hərtərəfli cavablar onların birdəfəlik susmasına səbəb oldu. Müzəffər ordumuz müharibə zamanı mənfur ermənilərin keçilməz sədd saydıqları mövqelərini darmadağın etdi. Ermənilərin öz orduları haqqında uydurduqları miflər tamamilə alt-üst edildi. Əfsuslar olsun ki, torpaqlarımız işğal altında qaldığı zamanlarda Qarabağımız və ətraf rayonlar bəzi qonşu dövlətlər tərəfindən talan olundu. Artıq bu iztirablara son qoyulmuşdur.

Qeyd etmək lazımdır ki, ermənilər bu savaşda bütün insani keyfiyyətlərdən uzaq olduqlarını, acizliklərini və zəifliklərini bir daha göstərdilər. Azərbaycan əsgərləri müharibə zamanı ermənilərin evlərdə qoyub qaçdıqları mülki insanlarla normal davrandıqları, onlara qayğı göstərdikləri halda bu üzdəniraqlar döyüş meydanından uzaqda yerləşən şəhər və kəndlərimizi qadağan olunmuş silahlardan davamlı olaraq atəşə tutmaqla günahsız mülki əhalini qətlə yetirdi. Ermənilərin bu vəhşiliyindən və vandallığından ciddi zərər çəkən Qarabağımızın qapısı sayılan qədim Bərdə rayonunda 28 nəfər həlak olmuş, çoxlu sayda insan bədən xəsarətləri almış, bəziləri isə ömürlük şikəst olmuşlar. 167 fərdi yaşayış evi, 107 sahibkarlıq obyektinə ciddi ziyan dəymiş, 64 avtomobil, 7 yaşayış evi yararsız vəziyyətə düşmüşdür. Rayonun 7 yaşayış məntəqəsi aramsız atəşə tutulmuşdur. Ən çox zərər çəkən Bərdə şəhəri olmuşdur.

Mənfur düşmən məğlub olduqlarını gördükdə daha çox zərər vurmağa çalışırdı. Rayonun Xan Ərəb kəndinə 4 mərmi, Şahvəllər kəndinə müxtəlif günlərdə 27 mərmi, 5 oktyabr tarixində Bərdə şəhərinin mərkəzinə 5 raket, 9 top mərmisi atılmış, 1 raket isə göydə zərərsizləşdirilmişdir. Şəhərin Bakı küçəsinə 28 oktyabrda 2 Smerç tipli raket atılması nəticəsində 21 nəfər həlak olmuş, 78 nəfər ağır yaralanmışdır. Nəcəfqulubəyli kəndinə 1 ədəd raketin atılması bir azyaşlının ölümünə səbəb olmuşdur. Təhlə kəndinə 6 raket atılmış, 1 ədədi zərərsizləşdirilmişdir, Alpolut kəndinə 2 ədəd raket və s. atılmışdır. Rayona 70-ə yaxın mərmi, 16 raket atılmışdır.

Bərdə terrorunun canlı şahidi ziyalı Xosrov Musayev bildirdi ki, 44 günlük Vətən müharibəsi zamanı mənfur düşmənin Bərdədə törətdiyi terroru pisləyirəm və ermənilərə nifrətimi bildirirəm. Bu qorxunc hadisə 2020-ci il 28 oktyabr tarixində mənim gözlərimin qarşısında baş verdi. Həmin anda yerdə çabalayan insanları, yanan maşınları, obyektləri görmək dəhşətli bir mənzərə idi. Bu zaman şəhər sakinləri, həkimlər, jurnalistlər və başqa insanlar yaralıların köməyinə yetişdilər. Havadan yanmış insanların qoxusu gəlirdi. Bu bir bəşəri cinayət deyil, bəs nədir?

Bərdənin digər ziyalı sakini Raqub Yunisov deyir ki, 2020-ci il oktyabr ayının 28-də saat 12:20 radələrində şəhərin yanğından mühafizə idarəsi deyilən ərazidə mağazadan alış-veriş edərkən güclü partlayış eşitdim, sanki yer titrədi, qorxunc bir mənzərə yarandı. Ərazidə yanmış, ölmüş çoxlu sayda yaralı insanlara baxdıqca insan vahimələnirdi. Tanıdığım İntiqam, Ağamoğlan, Vasif, Məhərrəm, orta məktəb müəllimi Fuad müəllim və başqaları erməni terrorunun qurbanı oldular. Bir ziyalı kimi ermənilərin bu bəşəri cinayətini lənətləyirəm. Dünya birlikləri, eləcə də ermənipərəst dövlətlər bütün bu olanlara heç bir reaksiya vermədilər. İndi Bərdədə baş vermiş dağıntılar tam aradan qaldırılmışdır. Dağıntılardan əsər-əlamət qalmamışdır.

Vəli VƏLİYEV,

"Respublika".