Berlində Zəfər Günü böyük coşqu ilə qeyd edilib
Diaspora

Berlində Zəfər Günü böyük coşqu ilə qeyd edilib

Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Berlində Zəfər Günü münasibətilə "Sülh və birgəyaşayış" devizi altında konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 500-dən çox qonaq, o cümlədən Bundestaqın üzvləri, Almaniya XİN-in və digər dövlət qurumlarının, ictimai-siyasi, elmi, mədəni dairələrin nümayəndələri, Berlində akkreditə olunmuş 30-dan çox ölkənin səfirləri və hərbi attaşeləri, eləcə də Almaniyadakı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev ölkəmiz üçün ən əziz bayramlardan olan Zəfər Günündə tədbirə qatılan çoxsaylı qonaqları salamlayıb. O, konsert üçün "Sülh və birgəyaşayış" devizinin seçilməsinin təsadüfi olmadığını söyləyib.

Diplomat qeyd edib ki, iki il əvvəl Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını 30 illik işğaldan azad edib, bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olunub. Səfir vurğulayıb ki, 44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra Cənubi Qafqaz regionunda yeni vəziyyət formalaşıb. Belə ki, bu vəziyyət Azərbaycan ilə Ermənistan arasında sülhün və birgəyaşayışın bərqərar olması üçün nadir fürsətlər yaradıb. Səfir ölkəmizin regionda sülhün və sabitliyin təmin olunması naminə çalışdığını, son ikitərəfli görüşlərin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün ümidlər yaratdığını ifadə edib. N.Ağayev vurğulayıb ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər ölkəmizin vətəndaşlarıdır və ölkə konstitusiyasının təmin etdiyi bütün hüquq və azadlıqlardan bəhrələnə biləcəklər. Diplomat, həmçinin multikultural cəmiyyətə sahib Azərbaycanın çoxsaylı etnik və dini azlıqların vətəni olduğunu, ölkəmizdə yüz minlərlə xristianın, 30 mindən çox yəhudinin və digər dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını qeyd edib. N.Ağayev multikulturalizmin, müxtəlif dinlər və mədəniyyətlər arasında harmoniyanın təşviq edilməsinin Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.

Səfir çıxışı zamanı, həmçinin Zəfər Günü münasibətilə təşkil olunmuş konsert çərçivəsində Almaniyada fəaliyyət göstərən tanınmış bəstəkar Xədicə Zeynalovanın müəllifi olduğu Şuşa Simfoniyasının premyerasının Zəfər Günündə Berlin şəhərində keçirilməsini əlamətdar hadisə adlandırıb.

Sonra çıxış edən Azərbaycan-Almaniya Forumunun sədri Hans-Eberhard Şleyer Azərbaycan ilə Ermənistan arasında sülhün əldə edilməsinin vacibliyindən, bu istiqamətində həyata keçirilən danışıqlar prosesinin təqdirəlayiq hal olmasından bəhs edib. Bildirib ki, sülh prosesi Aİ və Almaniya tərəfindən dəstəklənir. O, həmçinin Azərbaycan cəmiyyətinin zəngin multikulturalizm və tolerantlıq ənənələrinə malik olduğunu vurğulayaraq, bu zəminin gələcək sülh üçün əlverişli imkanlar yaratdığını ifadə edib.

Çıxışlardan sonra Xədicə Zeynalova tədbir iştirakçılarına rəhbərlik etdiyi, dünyanın müxtəlif ölkələrini təmsil edən musiqiçilərdən ibarət "Bridge of Sounds" orkestri, eləcə də müəllifi olduğu Şuşa Simfoniyasının ərsəyə gəlməsi barədə məlumat verib.

Daha sonra sözügedən orkestrin ifasında simfonik konsert keçirilib. Konsertdə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra və "Arazbarı" əsəri, habelə Xədicə Zeynalovanın müəllifi olduğu Şuşa Simfoniyası ifa olunub. İfalar tədbir iştirakçılarının böyük coşqusu və sürəkli alqışları ilə qarşılanıb.

Tədbir zamanı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin əsrarəngiz mənzərələrini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Konsertdən sonra qonaqlar üçün Zəfər Günü münasibətilə ziyafət təşkil olunub.

AZƏRTAC