BERNAMA agentliyi: Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır
Digər xəbərlər

BERNAMA agentliyi: Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır

Malayziyanın BERNAMA milli informasiya agentliyi 27 sentyabr - Anım Gününə həsr olunmuş məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2021-ci il 27 sentyabr tarixli bəyanatına istinadla hazırlanan məqalədə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata müvafiq olaraq görülən işlərdən bəhs edilir. Azərbaycan hökumətinin regionda dayanıqlı sülhün, təhlükəsizliyin və rifahın təmin olunması üçün bütün lazımi addımları atdığı diqqətə çatdırılır.  

Həmçinin Azərbaycan tərəfinin beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığına ciddi riayət olunması istiqamətində Ermənistana açıq şəkildə çağırış etdiyi vurğulanır, bu fundamental prinsiplərə riayət edəcəyi təqdirdə, Ermənistanla münasibətlərin normallaşdırılmasının mümkünlüyünə işarə edilir. 

Bildirilir ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təkbaşına həyata keçirib, ədaləti bərpa edib və regiondakı reallıqları dəyişdirib.

Eyni zamanda, məqalədə müharibənin başa çatmasından sonra vaxtilə işğal altında olmuş ərazilərdə uzun illər Ermənistan tərəfindən törədilmiş qeyri-qanuni fəaliyyətlərin əsl miqyasının da aşkara çıxdığı qeyd edilir. Azad olunmuş ərazilərin böyük qisminin minalandığı, Azərbaycanın maddi-mədəni tarixi irsinin məqsədli şəkildə dağıdıldığı, o cümlədən dini abidələrin təhqir olunduğu, təbii sərvətlərin yağmalandığı və beynəlxalq hüququn digər baza prinsiplərinin kobud surətdə pozulduğu diqqətə çatdırılır.

AZƏRTAC