Bərpaolunan enerji və Azərbaycan reallığı
İQTİSADİYYAT

Bərpaolunan enerji və Azərbaycan reallığı

Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminatındakı rolu artmaqda davam edir. Ölkəmizin enerji resurslarından səmərəli istifadəsi irimiqyaslı enerji layihələrinin reallaşdırılması istiqamətində uğurlu addımların atılmasına imkan yaradır. Regional əməkdaşlıq çərçivəsində Azərbaycan liderliyini və enerji təminatçısı olaraq beynəlxalq məkanda rolunu sübut etdi. Daha sonra beynəlxalq arenada artan nüfuzumuz nəticəsində yeni layihələrin yaradılması mümkün oldu. Şübhəsiz ki, bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan "Əsrin müqaviləsi" Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə öz növbəsində 2017-ci ildə "Yeni əsrin müqaviləsi"nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması ölkəmizin bu gününə və gələcəyinə olan inamı əks etdirir.

Azərbaycanın beynəlxalq arenada enerji təhlükəsizliyinin təminatçısı olması uğurlu xarici siyasətin göstəricisidir. İnkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi sahəsində ciddi problemlər mövcuddur. Qloballaşan müasir dünyada enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin tərkib hissəsi hesab olunur. Enerji siyasəti digər iqtisadi amillərlə birlikdə dövlət siyasətinin prioritetlərindəndir. Zəngin təbii ehtiyatlara malik olan dövlətimiz yürütdüyü uğurlu siyasət nəticəsində həm özünün enerji təhlükəsizliyini təmin edir, həm də digər ölkələr ilə əməkdaşlıqda yeni addımlar atır. Ardıcıl həyata keçirilən infrastruktur layihələri arasında enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə dair proqramlar mühüm əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizi məhz enerji təhlükəsizliyi layihələrindən biri hesab olunur. Bu boru xətti vasitəsilə ölkəmiz ilk dəfə olaraq Avropa bazarlarına böyük həcmdə mavi yanacaq nəql etməklə həm də etibarlı qaz ixracatçısı kimi tanınmağa başlamışdır. Bu prosesdə iştirak edən şirkətlər, xüsusilə SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi aparıcı maliyyə qurumları isə layihədə Azərbaycanın uğurlu tərəfdaşları hesab olunurlar.

Enerji resurslarının güvənli ixracatçısı kimi tanınan Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, respublikamızın iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Ölkəmizdə bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi üçün bu sahədə müvafiq qanun və normativ-hüquqi aktlar qəbul edilmişdir. Son illərdə bu sahədə görülən işlər davam etdirilmiş və bərpaolunan enerjinin inkişafına xüsusi töhfə verən "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli Qanunu təsdiq edilmişdir. Qanunun tətbiqi və icrasının təmin edilməsi məqsədilə alt qanunverici sənədlərin hazırlanması istiqamətində müvafiq tədbirlərin icrası davam etdirilir.

2022-ci il 18 iyul tarixində Bakı şəhərində imzalanmış "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair" Anlaşma Memorandumu mövcud əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, enerji keçidi, bərpaolunan enerji, enerji səmərəliliyi, sahələrində tərəfdaşlığın davamlı inkişafı üçün yeni imkanlar yaratdı. Artan səmərəliliyin davamı olaraq Buxarest şəhərində imzalanmış "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"i vurğulamaq vacibdir. Bildiyimiz kimi, bərpa oluna bilən enerji mənbələrindən istifadə enerji ixracının yeni mərhələsində önəmli rol oynayır. Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı bu məqsədi daşıyır. Tədbirin görüləcək işlərin davamı çərçivəsində "Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası", "Cənub Qaz Dəhlizi: Əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatının genişləndirilməsi" və "Yaşıl enerji: Xəzər dənizinin külək enerjisinin Avropa enerji bazarlarına çatdırılması" plenar sessiyaları növbəti illərdə davam edəcək.

"Masdar" və "ACWA Power" kimi investorlarla birlikdə dövlətimiz günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrin başlanmasını artıq reallaşdırıb. Bu layihələrin ümumi həcmi 470 meqavat təşkil edir. Digər tərəfdən, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası ümumilikdə 710 meqavat enerjini təmin edəcək. Bərpaolunan enerji ilə bağlı planlara dair İlham Əliyev bildirib ki, hələlik üç əsas enerji şirkəti ilə razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı "Masdar" şirkəti, 12 qiqavatı "Fortescue" şirkəti tərəfindən istehsal olunacaq. "ACWA Power" şirkəti isə hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcək. Bu, əlbəttə ki, çox böyük potensialdır.

Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə 240 meqavat gücündə külək, "Masdar" şirkəti ilə isə 200 meqavatlıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Bütün bunlar Azərbaycanın beynəlxalq arenada artan etimadının göstəricisidir.

Nurlan ABDALOV,

"Respublika".