Bəşəriyyətin təkamülü prosesləri dünya və ya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri dünya və ya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və  bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Saatın ixtirası"nı  oxuculara təqdim edirik.

"Respublika".

Saatın ixtirası

İnsanlığın yaranışından bəri  bir çox mühüm kəşflər edilib. Lakin arasında elələri var ki, bu gün müasir həyatımızı onlarsız təsəvvür etmək mümkün deyil. Bəziləri təsadüfdən, bəziləri isə zərurətdən edilən  bir çox kəşflər sayəsində həyatımız büsbütün dəyişib. Bəşəriyyətin təkamülü prosesində mühüm rol oynayan, dünya tarixində inqilabi dəyişiklik yaradan belə ixtiralardan biri də saatın icadıdır.

Məlumdur ki, zamanın həyatımızdakı rolu çox böyükdür. Bəşəriyyətin mövcud olduğu dövrlərdən bəri zaman insanlar üçün həmişə çox önəmli olmuşdur. Zamanı ölçmək ağlına sahib olan insanlar onu izləmək üçün müəyyən yollara əl ataraq nəticədə saatı icad ediblər.

Dünyamızı demək olar ki, yeni biçimdə tarazlayan, dəyişən saat gündəlik həyatda hər kəsin istifadə etdiyi  önəmli əşyalardan biridir. Demək olar ki, saatdan istifadə etməyən insan yoxdur.

Nəzərə alsaq ki, gündəlik həyatımızda - işin, məktəbin, yeməyin, yatmağın, yəni bütün işlərin öz görülmə  vaxtı var, onda saatların nə qədər qiymətli olduğunu anlamaq mümkündür. Bir anlıq təsəvvür edin ki, zaman məfhumu olmasaydı nə baş verərdi? Məsələn, nəqliyyat sistemində avtobusların, təyyarələrin hərəkət sxemində qarışıqlığın baş verməsi təhlükəli qəzalara səbəb olardı və həyatımız heç də göründüyü kimi asan olmazdı. Bu səbəbdən də  həyatımızın bir gününü belə saatsız düşünmək mümkün deyil. Bəs bu gün həyatımızı onsuz təsəvvür etmədiyimiz saat hansı mərhələlərdən keçərək bugünkü səviyyəyə gəlib çatıb?  Əslində, saatın yaranma tarixi çox qədim zamanlara gedib çıxır. Bu yerdə tarixə kiçik bir ekskursiya etməyə dəyər...

Hələ çox qədimdən düşüncə, şüur səviyyəsi tam formalaşmamış insanlar vaxtı ölçmək sistemləri hazırlayıblar. Bu sistemə təqvim adı verilib. Təqvimlərdə əsas vaxt vahidi olaraq Yerin öz oxu ətrafında fırlanma dövrü (gecə-gündüz) və Yerin Günəş ətrafında dolanma dövrü - il qəbul olunub. Bəs böyük binaların qülləsindən, divardan asılan, qolumuza bağladığımız, üzük qaşına, medalyona, avtoqələmlərin gövdəsinə və s. quraşdırılmış qızıl, gümüş, kvars, elektron saatlar nə vaxt yaranmışdır? Yəqin ki, heç birimiz bu suala düzgün cavab verə bilmərik. Saatın yaranma tarixi insanların təkər ixtira etməsi qədər qədimdir.

Saatın ilk istifadəçiləri misirlilər olub. Günəşin hər gün eyni saatda çıxıb batmasını görən misirlilər ilk günəş saatını icad ediblər. Günəş olmayan vaxtlar işləməyən saatın ardından isə qum və su saatı ixtira olunub.

Qədim dövrlərdə zamanı ölçməyə çalışan ayrı-ayrı xalqlar müxtəlif üsullardan istifadə ediblər. Ən qədim saatlar Günəş saatları hesab olunur. İlk Günəş saatını düzəltmək qədim  misirlilərin ağlına gəlib. Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər. Bu saat meydanın yüksək bir yerində qoyulan daşdan ibarət olub. Qədim misirlilər Günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər. Yeri gəlmişkən, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb. Belə ki, Misir Yer planetinin şimal yarımkürəsində, ekvator xəttinə yaxın ərazidə yerləşən ölkədir və Günəş çıxanda qədim misirlilərin düzəltdikləri saatda kölgə dərhal qərbdə meydana gəlirdi. Günəş yüksəldikcə isə  kölgə şimala, yəni sağa doğru hərəkət edirdi. Daha sonralar, çarxlı, mexaniki, batareyalı saatlar yaradılanda da bu istiqamət dəyişmədi və beləcə, əqrəbin soldan-sağa doğru hərəkəti günümüzədək gəlib çıxdı.  Maraqlıdır ki, Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, Günəş doğarkən daşın kölgəsi cənuba düşür və Günəş yüksəldikcə sola doğru dönməyə başlayar. Kim bilir, bəlkə ilk saat orada kəşf edilsəydi, bu gün əqrəblər əks istiqamətdə hərəkət edə bilərdi. Beləliklə, artıq eramızdan əvvəl III minilliyin ortalarında ən bəsit saat mövcud idi. Həmin dövrdə Qədim Misir və Yunanıstanda vaxtı üfüqi və şaquli siferblatlı Günəş saatı ilə hesablayırdılar.

Günəş saatından sonra su saatı yaranıb. Su saatının yaranması isə qədim yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı Ktesibiosun adı ilə bağlıdır. O, bizim eradan əvvəl II əsrdə qədim Misirdə yaşayıb. Su saatı düzəldilənədək insanların istifadə etdiyi günəş saatı ilə vaxtı yalnız gündüzlər ölçmək mümkün olurdu. Amma su saatı icad olunandan sonra vaxtı gecələr də ölçmək mümkün olub. Su saatları ilkin vaxtlarda dibində dəlik olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb qurtardıqda vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti onlarda suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi idi. Belə ki, qabda suyun həcmi dəyişdikcə qabın dibindəki təzyiq də dəyişirdi ki, bu da suyun axın sürətinə birbaşa təsir edirdi. Digər tərəfdən dəliyin çirklənməsi də saatın dəqiqliyini aşağı salırdı. Sonralar mühəndis Ktesibios bu problemləri aradan qaldırmaq üçün yeni konstruksiya təklif edib. Qabdakı deşiyin dəqiqliyini artırmaq üçün o, həmin hissəni qızıldan və ya xüsusi daşlardan hazırladı.

Günəş və su saatlarından sonra qədim insanlar qum saatlarını icad ediblər. Ələnmiş narın qumu ortası boğma şüşə qaba tökür və sonra qabı tərsinə çevirirdilər. Ammu bu saatın yanında kimsə növbə çəkməli idi ki, qum şüşənin alt hissəsinə tökülüb qurtaran kimi, yenidən qabı tərsinə çevirsin. Qum saatı bərabər sürətli hərəkət prinsipi əsasında işləyirdi. Tarixi mənbələrə görə, 1259-cu ildə böyük Azərbaycan alimi Nəsirəddin Tusinin Marağa Rəsədxanasında Ay və Günəş tutulmasını, gecə-gündüz bərabərliyi anlarını müşahidə edən müxtəlif cihazlardan əlavə, Günəş saatı və su saatı olub.

Orta əsrlərdə mexaniki saatların kəşfi zamanın daha dəqiq ölçülməsinə imkan yaradıb. Dünyada ilk sadə mexaniki saat 1335-ci ildə İtaliyanın Milan şəhərində düzəldilib. Sonralar illər ötdükcə mexaniki saat daha da təkmilləşdirilib. Müasir mexaniki saatın ixtiraçısı 1657-ci ildə kəfkiri idarəedici detal kimi saata daxil edən X.Hüygensdir. Saatın sonrakı təkmilləşməsi ingilis saatsazı U.Klementin, C.Qraqamın, sonra yenə də Hüygensin adı ilə bağlıdır. XVI əsrin sonunda dəqiqə əqrəbi, 1760-cı ildə saniyə əqrəbi meydana çıxıb. Ardınca saatlarda ayın tarixini, həftənin günlərini göstərən əlavə mexanizmlər qoyulub.

1300-cü ildən başlayaraq isə Avropa ölkələrində qüllə saatları düzəldilib. Bəzi məlumatlara görə, ilk qüllə saatı Fransanın Strasburq şəhərində ucaldılıb. Qüllə saatları çox güc tələb edən mexanizm üzərində qurulurdu. Dünyadakı məşhur qüllə saatlarından biri də Çexiyanın paytaxtı Praqada düzəldilib. Təəssüf ki, həmin saatlar müasir dövrə qədər qorunub saxlanılmayıb.

İlk icad edilən metal  cib saatı isə 1509-cu ildə Nürnberqdən olan alman saat ustası Peter Henlein tərəfindən icad edilmişdir. Peter Henlein böyük çəkilərlə işləyən divar saatlarının hazırlanması və təmiri ilə məşğul idi. Bu mahir və bilikli usta saat mexanizmini idarə etmək üçün çəkilərdən daha faydalı qüvvə mənbəyi axtarırdı.

XI əsrdə Papa II Silvester ilk hərəkətli saatı icad edib. Susuz mexaniki saatlar ilk dəfə Avropada XIII-XIV əsrlərdə peyda olub. Halbuki, son dərəcə mürəkkəb və ağır olan bu saatlar yalnız ixtiranı edən alimlər tərəfindən istifadə edilə bilərdi. Belə primitiv saatlardan sonra bu gün istifadə etdiyimiz saatlara yaxın olan ilk saat nümunələri ilə XVI əsrdə qarşılaşırıq. Belə ki, XVI əsrin əvvəllərində Henlein müasir saatların əcdadı hesab edilən ilk cib saatını icad etdi. Bu saat qızıldan hazırlanmışdı və yumurta şəklinə bənzəyirdi. Bu səbəbdən istehsal edildiyi şəhərin adı ilə "Nürnberq yumurtası" adlandırıldı. Nürnberq yumurtaları praktiki olsa da, açıldıqca yararsız hala gəldiyi  üçün zamanla gözdən düşdü. 1583-cü ildə Galileo ilk elmi saatını icad etsə də, bu da özünü doğrultmadı.

XV əsrin ikinci yarısından sonra saat istehsalında yeni təkmilləşmələr baş verib və ardınca divar, stolüstü, cib və bilək saatları yaradılıb. İlk cib saatları XIX əsrin əvvəllərində istehsal olunub.

1800-cü ildə isə dünyada ilk elektrik və elektromexaniki saatlar buraxılıb. Daha sonralar isə elektron saatlar istehsal olunub. Elektron saatlar zamanı ölçən cihazların inkişafı sahəsində tamamilə yeni keyfiyyət mərhələsi təşkil edir.

Müasir dövrdə də saat istehsalı üzrə yeni üsullar işlənib hazırlanmaqdadır. Bu gün saatlar təkcə zaman cərəyanını dəqiqliyi ilə göstərən mexanizm deyil, onlar həm də insanların cəmiyyətdə "çəkisini" göstərən vasitəyə çevirilib. Hazırda İsveçrə dünyada   ənənəvi saat ölkəsi kimi tanınır. Bu gün ən yaxşı, möhkəm, dözümlü, sukeçirməz və digər keyfiyyətlərinə görə fərqlənən saatlar İsveçrə saatları hesab olunur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".