Bəşəriyyətin təkamülü prosesləri və yadünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və yadünya düzənini dəyişdirən hadisələr

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən "Tarixin ilk nəhəng fatehi: Makedoniyalı İsgəndər"i oxuculara təqdim edirik.

"Respublika".

Tarixin ilk nəhəng fatehi: Makedoniyalı İsgəndər

Tarix boyu elə barmaqla sayılası qədər az və təkrarolunmaz sərkərdələr olub. Əfsanəvi döyüş taktikaları, hərbi və siyasi təcrübələri sayəsində bəşəriyyətin taleyində və tarixin gedişatının dəyişməsində mühüm rol oynayan böyük sərkərdələrdən biri də Makedoniyalı İsgəndərdir. Dünya tarixində Makedoniyalı İsgəndər, III İsgəndər, İsgəndər Zülqərneyn və ya Böyük İsgəndər kimi tanınan bu böyük şəxsiyyət 30 yaşına qədər öz ordusu ilə Yunanıstanı, Yunanıstandan Misirə qədər uzanan torpaqları və Misirdən Şərqi Hindistana qədər olan əraziləri fəth edə bilmişdir. Dünya xəritəsində ən ciddi dəyişiklərin ilk səbəbkarı kimi Böyük İsgəndər tarixi dəyişdirən şəxsiyyətlərdən biri hesab edilir. Onun imperiyasının sərhədlərini Hindistana qədər genişləndirməsi dünya tarixini dəyişən ən önəmli hadisələrdən biridir.

Atasının ölümündən sonra - 20 yaşında Makedoniya taxtına çıxan Böyük İsgəndər 33 illik ömrünə qədim dünyanın ən böyük qələbələrini sığdırmağı bacarmışdı. Böyük İsgəndəri "böyük" edən ən əsas səbəb də elə bu idi. İlk mühüm zəfərini sayca öz qoşunlarından iki dəfə çox olan İran ordusu üzərində qazanmış, bundan sonra Asiya torpaqlarının böyük hissəsini öz imperiyasında birləşdirmişdi. Sonrakı hədəfi isə Avropa idi, lakin buna ömrü çatmadı...

11 il ərzində öz ordusundan daha üstün hərbi-texniki sursata malik qoşunlara qarşı döyüşlərdə heç bir məğlubiyyətə uğramayan və bütün dünyanı fəth etməyə, Qərblə Şərqi birləşdirməyə cəhd edən İsgəndər zəbt etdiyi torpaqlara yunan siyasətini, hərbi və iqtisadi təcrübələrini gətirərək dünyanı dəyişdirməyə çalışdı və buna nail oldu da...

Tarixin ilk nəhəng fatehi sayılan İsgəndər e.ə. 356-cı ildə Makedoniyanın paytaxtı Pella şəhərində, çar II Filipin ailəsində dünyaya gəlmiş, görkəmli yunan filosofu Aristotelin şagirdi olmuşdur. Məşhur yunan filosofu Aristotel bir neçə il İsgəndərə dərs demiş, ona elmi biliklərlə yanaşı, dövlət quruluşu və idarəçiliyin sirlərini öyrətmişdir.

Eradan əvvəl 336-cı ildə taxta çıxan İsgəndər, bu səlahiyyətindən istifadə edərək atasının Əhəmənilər dövlətinə (İran) qarşı yarımçıq qalan işğal planlarını həyata keçirməyə çalışmışdır. O dövrdə Aralıq dənizindən Hindistana, Qafqazdan Ərəbistana kimi böyük bir ərazi Əhəmənilər sülaləsinin hökmranlıq etdiyi İrana daxil idi. Asiyada heç bir dövlət zənginliyinə və hərbi qüdrətinə görə İranla rəqabət apara bilməzdi. İsgəndər bu ölkəyə qarşı yürüşə başlayanda oranın şahı Kodoman ləqəbi ilə tanınan III Dara idi.

İsgəndərin İranla müharibəsi üç ildən çox çəkmiş, bu müddət ərzində onların arasında üç əsas döyüş olmuşdur.

Qranik çayı sahilində baş verən birinci döyüşdə makedoniyalılar ildırım sürətli hücumları ilə iranlılar arasında vəlvələ salmışdılar. Döyüş meydanında özünü ən təhlükəli yerlərə atan İsgəndər qəflətən bir neçə İran döyüşçüsünün əhatəsində qalmışdı. Onun nizəsi qırılmış, dəbilqəsi başından düşmüşdü. Əgər sadiq sərkərdəsi Klit özünü köməyə yetirməsəydi, bəlkə də, İsgəndər elə birinci döyüşdəcə həlak olacaqdı. Bu döyüşdə İran ordusu ağır itkilər verərək geri çəkilmişdi.

Lakin İsgəndər düşmənin arxasınca İran imperiyasının içərilərinə doğru irəliləməmişdi. O, əvvəlcə öz hakimiyyətini Kiçik Asiyada möhkəmləndirmiş, buradakı varlı şəhərləri və ölkələri fəth etmiş, ordusunun sayını artırmış, ələ keçirilmiş qənimətlərlə döyüşçüləri və sərkərdələrini mükafatlandırmışdı.

Makedoniya ordusunun gücündən qorxuya düşmüş III Dara özü döyüşə rəhbərlik etmək qərarına gəlmişdi. O, İsgəndərə qarşı yüz əlli min nəfərlik qoşun çıxarmışdı. Öz gücünə arxalanan Dara bu yürüşə saysız-hesabsız qulluqçuları, rəqqasələri və ailəsi - anası, arvadı və qızları ilə birgə çıxmışdı. Bu döyüş İss şəhəri yaxınlığında baş tutmuş və taktiki manevrlərdən ustalıqla istifadə edən İsgəndər Daranı döyüş yerindən qaçmağa məcbur etmişdi. Bu, İran döyüşçülərini ruhdan salmış və makedoniyalılar özlərindən sayca qat-qat çox düşmənə qalib gəlmişdilər. İsgəndərin ordusunda itki beş yüzə yaxın idisə, iranlılar döyüşdə və təqib olunarkən yüz mindən çox əsgər itirmişdilər.

Daranın ailəsini əsir götürmüş İsgəndər hamıya tapşırmışdı ki, onlarla şah ailəsi kimi rəftar etsinlər, qadınların saxlanıldığı çadıra yaxınlaşmasınlar. Makedoniya çarının bu alicənablığı Asiya xalqları arasında ona böyük nüfuz və hörmət qazandırmışdı.

Dara öz ailəsinin düşmən əlində qalmasından çox əzab çəkirdi. Onun əhvali-ruhiyyəsindəki təslimçiliyi görən bəzi İran sərkərdələri şahı devirmək fikrinə düşürlər. Onlara Baktriya Bess başçılıq edirdi. Eradan əvvəl 331-ci ildə Qavqamel yaxınlığındakı həlledici döyüşdə məğlub olan Daranı Bess əsir götürüb özünü İranın şahı elan edir. Makedoniyalılar tərəfindən təqib olunan Bess Daranı öldürdükdən sonra qaçmağa cəhd etsə də, tezliklə İsgəndərin əmrilə həbs olunaraq edam edilir. Daranı isə İsgəndər şahlara layiq ehtiramla dəfn etdirir.

İranla döyüşlər arasındakı fasilələrdə İsgəndər Misiri, Babilistanı, Finikiyanı zəbt etmişdi. Şəhərlərin çoxu ona könüllü tabe olurdu, çünki o, heç vaxt şəhərləri talamır, məğlub olmuş hakimlər, əhali, xüsusilə qadınlarla ehtiramla davranır, onların adət-ənənələrinə, dinlərinə hörmət edirdi.

Misir kahinləri İsgəndəri firon və tanrının oğlu elan etmişdilər. İsgəndər Nil çayının Aralıq dənizinə töküldüyü yerdə şəhər saldırıb adını İsgəndəriyyə qoymuşdu. O, yürüşləri zamanı ələ keçirdiyi ərazilərdə onlarla bu adda şəhər salmışdı. Ancaq onlardan yalnız biri - Misir İsgəndəriyyəsi bu günə kimi qalmış, bu şəhər dünyanın yeddi möcüzəsindən biri olan İsgəndəriyyə Mayakı və ellinizm dövrünün ən zəngin kitabxanası ilə məşhurlaşmışdı.

İranı tutmuş İsgəndər artıq bütün Asiyanın hakimi sayılırdı. Geniş ərazilərdə öz hakimiyyətini möhkəmlətmək üçün o, düz dörd il İranda qaldı. Bu, onun həyatının ən ziddiyyətli dövrü idi. O, İran adət-ənənələri ilə Yunanıstan mədəniyyətini birləşdirməyə çalışırdı. Özü Roksana adlı bir qızla ailə qurmuş, minlərlə makedoniyalı və yunan döyüşçülərini də İran qızları ilə evləndirmişdi. Gənc İran döyüşçülərindən ibarət böyük bir dəstə yaradaraq onlara Makedoniya üsulu ilə döyüş təlimi keçirdi.

Hakimiyyətini möhkəmləndirmiş İsgəndərin növbəti hədəfi möcüzələr ölkəsi Hindistan idi. Eradan əvvəl 327-ci ilin yazında o, qırx min makedoniyalı və yüz iyirmi min asiyalı ilə Baktriyadan çıxaraq Hindistana üz tutur. Yolda bir çox tayfalarla döyüşərək onlara qalib gələn İsgəndər, bir ildən sonra Hind çayına çatır və Hindistanın ən qüdrətli padşahlarından biri olan Porla döyüşə girir. Por İsgəndərin ordusuna qarşı saysız-hesabsız piyada və süvarilərdən başqa, 300 döyüş fili də çıxarmışdı. Bu, İsgəndər üçün çox çətin döyüş olsa da, məğlubedilməz sərkərdə yenə də qalib çıxmış və yaralanmış Poru əsir götürmüşdü. İri cüssəli məğrur hind hökmdarı İsgəndəri o qədər valeh etmişdi ki, onun hökmranlıq etdiyi əraziləri idarə etməyi elə özünə tapşırmışdı.

Yorulmaq bilməyən İsgəndər Qanq sahillərinə də yürüş etmək istəyirdi. Lakin onun ordusu artıq taqətdən düşmüşdü. Uzun sürən yürüşlərdən, xəstəliklərdən, döyüşlərdə aldıqları yaralardan usanmış əsgər və sərkərdələr artıq İsgəndərin əmrinə tabe olmaq istəmədilər. Ordu qarşısında çıxış edən İsgəndər, özünün də onlar kimi əziyyətlərə qatlaşdığından, hamıdan çox yaralanmağından, qarşıda onları daha böyük var-dövlət gözlədiyindən danışaraq döyüşçüləri dilə tutmağa çalışsa da, bu, bir nəticə verməmişdi. Çarəsi kəsilmiş İsgəndər kədərlə belə söyləmişdi: "Mənə heç kim qalib gələ bilməzdi. Amma siz məni məğlub etdiniz!".

Geri qayıtdıqdan iki il sonra isə o, Ərəbistan, Afrika və Qərbi Avropaya qarşı daha geniş işğalçı hücumlara hazırlaşarkən, ölümcül Babil atəşinə tutulur. Eradan əvvəl 323-cü ildə, bir neçə gün davam edən xəstəlikdən sonra, otuz iki yaşlı fateh vəfat edir.

Beləliklə, İsgəndərin yürüşləri dünya tarixinin sonrakı inkişafına böyük təsir göstərərək, Qərblə Şərqi bir-birinə yaxınlaşdırdı. Şərq dünyası yunan mədəniyyəti və həyat tərzi ilə tanış oldu, yunanlar isə Şərqin elmi və mədəni nailiyyətlərini mənimsədilər.

İsgəndər monarxiyasının qısa müddətdə bir sıra dövlətlərə parçalanmasına baxmayaraq, onun işğalları nəticəsində Qərb və Şərqdə sivilizasiyanın gələcək inkişafına uyğun olan yeni siyasi quruluş yarandı. Bu isə yunan və Şərq mədəniyyətləri ünsürlərinin qarşılıqlı təsirindən ibarət olan ellinizm dövrü idi. Fateh vəfat etsə də, onun Qərb və Şərq mədəniyyətlərinin sintezindən ibarət yaratdığı yeni quruluş-ellinizm dövrü e.ə. III-I əsrlərdə mövcud olmuş və bəşəriyyətin təkamülünə səbəb olaraq tarixin gedişatına böyük təsir göstərdi. Bundan əlavə, Makedoniya kralı öz təşkilatçılıq bacarığı, strateji-taktiki yenilikləri ilə də özündən sonrakı sivilizasiyalara dəyərli miras qoydu. Belə ki, sonralar onun inkişaf etdirdiyi hərbi taktikalar həm romalılar, həm də Napoleonun qurduğu imperiyalar üçün standart təşkil edirdi.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".