BƏT-in baş direktoru: Azərbaycanda hökumət, işçilər və işəgötürənlər arasında dialoq üçün gözəl platforma var
MÜSAHİBƏLƏR

BƏT-in baş direktoru: Azərbaycanda hökumət, işçilər və işəgötürənlər arasında dialoq üçün gözəl platforma var

Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayder AZƏRTAC-a eksklüziv müsahibəsində bu qurumun Azərbaycanla əməkdaşlığı, onun gələcək perspektivləri, həyata keçirilən layihələr, Azərbaycanda əmək və məşğulluq sahələrində aparılan ardıcıl və genişmiqyaslı islahatlarla bağlı sualları cavablandırıb. Müsahibəni təqdim edirik.

–22-24 fevral tarixlərində BƏT-in təşkilatçılığı ilə keçirilmiş "İnsanlara istiqamətlənən bərpa" mövzusunda qlobal forumun nəticələrini və tədbir zamanı götürülmüş öhdəlikləri necə qiymətləndirirsiniz?

–BƏT-in təşkilatçılığı ilə keçirilmiş Qlobal Forumun əsas ideyası dövlət və hökumət başçılarını, BMT-nin Baş katibi, Beynəlxalq Valyuta Fondunun icraçı direktoru, Ümumdünya Ticarət Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərləri kimi beynəlxalq təşkilatların liderlərini, o cümlədən dünyanın müxtəlif dövlətlərindən olan işəgötürənlər və həmkarlar ittifaqları təşkilatlarının rəhbərlərini bir araya gətirərək, pandemiyanın yaratdığı iqtisadi və sosial böhran haqqında, həmçinin "insanlara istiqamətlənən bərpanı" təmin etmək üçün birlikdə hansı tədbirləri görməli olduğumuz barədə müzakirələr aparmaq idi.

Biz inanırıq ki, yalnız səhiyyə siyasəti və ya əmək siyasəti və yaxud maliyyə siyasəti və ya yalnız ticarət siyasəti vasitəsilə böhrandan çıxmaq üçün qənaətbəxş həll yolu tapmaq mümkün deyil. Biz bütün bu elementləri elə bir ortaq yanaşmaya inteqrasiya etməliyik ki, bu yanaşma, həmçinin beynəlxalq xarakter daşısın. Bu məqsədlə biz müxtəlif dövlətləri və beynəlxalq təşkilatları, siyasətin bütün bu aspektlərini və əlbəttə ki, BƏT olaraq işçiləri və işəgötürənləri bir platformada toplayaraq dialoqa cəlb edirik. Düşünürəm ki, bu baxımdan qlobal forum mühüm əhəmiyyət kəsb edir.

Müxtəlif təşkilatlar tərəfindən bir çox əhəmiyyətli öhdəliklər götürülüb. Biz koordinasiyalı fəaliyyəti təşviq etməliyik. Biz insanlara istiqamətlənən bərpa ilə bağlı problemləri indi daha yaxşı anlayırıq. Bu baxımdan forumun nəticələri təqdirəlayiqdir.

Onu da açıq deməliyəm ki, bu forum yalnız başlanğıcdır, son deyil, yəni yekun nəticə deyil. Bu forum bizə ambisiyalarımızı, xoş məramlarımızı bir daha vurğulamaq baxımından əla fürsət idi. İndi isə hərəkətə keçmək vaxtıdır. Amma bununla bağlı hələ qarşıda görüləsi işlər çoxdur. Hesab edirəm ki, forum bu istiqamətdə atılmış ilk və çox əhəmiyyətli bir addımdır.

–Pandemiya tədricən başa çatmaq üzrədir. COVID-19 böhranının iqtisadiyyatlara və insanlara, xüsusilə də onların məşğulluq imkanlarına və gəlirlərinin itirilməsinə təsirini göstərmək üçün konkret rəqəmlər təqdim edə bilərsinizmi? Pandemiyadan əvvəlki səviyyələrə nə vaxt qayıtmağı gözləmək olar?

–Biz pandemiyanın zəiflədiyini görürük. Baxmayaraq ki, koronavirus hələ də dünyanın bəzi ölkələrində, xüsusilə də Cənub-Şərqi Asiyada hələ də sürətlə yayılmaqdadır. Pandemiya dövründə BƏT pandemiyanın iş yerlərinə və insanların məşğulluğuna təsirini ölçməklə bağlı bir çox tədbirlər görüb. Təşkilat olaraq biz 2020-ci ildə pandemiya başlayanda faktiki iş saatının sayını, dünyada işlənmiş faktiki saatların sayını ölçməyə çalışdıq. Və nəticədə, faktiki işlənən iş vaxtı pandemiyadan əvvəlki səviyyələrlə müqayisədə azalaraq 258 milyon tam ştatlı iş ekvivalenti qədər azaldığını gördük. 2021-ci ildə azalma 125 milyon faktiki iş saatı oldu. Beləliklə, görürsünüz ki, iş yerlərinin artıq bərpa olunması müşahidə olunur. BƏT olaraq 2022-ci ildə bu rəqəmin təxminən 52 milyon faktiki iş saatı olacağını düşünürük və proqnozlaşdırırıq ki, növbəti, yəni 2023-cu ildə biz pandemiyadan əvvəlki səviyyələrə qayıda biləcəyik.

Hazırda biz iki müxtəlif sürətli bərpa prosesinə şahidlik edirik, yəni inkişaf etmiş və daha güclü iqtisadiyyata malik olan dövlətlər sürətli şəkildə pandemiyadan əvvəlki vəziyyətə qayıdırlar. Yeri gəlmişkən, Çində bu proses gedir, ancaq onların hələ də pandemiya ilə bağlı çətinlikləri var. İnkişaf etməkdə olan dövlətlərin əksəriyyətində isə bu bərpa prosesi o qədər də sürətlə getmir. Bunun isə iki səbəbi var. Bunlardan biri odur ki, varlı dövlətlərin böhran vəziyyətində bərpa prosesinə sərmayə yatırmaq üçün daha çox maliyyə resursları var. İkinci məqam ondan ibarətdir ki, varlı ölkələrdə inkişaf etməkdə olan ölkələrlə müqayisədə peyvənd əlçatanlığının yüksək səviyyədə olmasıdır. Demək olar ki, peyvənd iqtisadiyyatın bərpası üçün ilkin şərtdir. Beləliklə, bərpa prosesini yavaş, qeyri-müəyyən və qeyri-bərabər səviyyədə qiymətləndirmək olar.

–İstərdik ki, BƏT və Azərbaycan əməkdaşlığına diqqət çəkək. Siz BƏT rəhbəri olaraq bu əməkdaşlığı, Azərbaycanın sizin təşkilatla birgə iş təcrübəsini necə dəyərləndirirsiniz?

–Mən BƏT-in Azərbaycana səfər edən ilk baş direktoruyam. Bakıya səfərim zamanı Prezident İlham Əliyevlə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən görüşlərdə Azərbaycanla təşkilat arasında olan əməkdaşlığı ətraflı müzakirə etmişdim. Təqdirəlayiq hal odur ki, həm Azərbaycan, həm də BƏT tərəfdən əməkdaşlığımıza çox ümidverici münasibət mövcuddur. Sevindirici hal, həmçinin ondan ibarətdir ki, iqtisadi və sosial məsələlər üzrə milli üçtərəfli komissiya çox səmərəli fəaliyyət göstərir. Ölkədə hökumət, işçilər və işəgötürənlər arasında dialoq üçün gözəl platforma var.

–BƏT-in Azərbaycanla yeni Ölkə Proqramının hazırlanması əməkdaşlığın yeni mərhələsi olacaq. Bu sənəd BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi ilə də uyğunluq təşkil edəcək. Siz həmin proqramda prioritetlər kimi nələri görmək istərdiniz?

–Birgə gördüyümüz işlər çoxdur və ümid edirik, BƏT-in Azərbaycanla Layiqli Əmək üzrə Ölkə Proqramının hazırlanmasında əməkdaşlığı da səmərəli olacaq.

Bu, 2025-ci ilə qədər nəzərdə tutulan əməkdaşlığa dair Çərçivə Sənədidir və hazırda bu sənəd təkcə hökumətlə deyil, sosial tərəfdaşlarla da müzakirə edilir. Bu, bizim gələcək əməkdaşlığımız üçün çərçivə sənədi olacaq. Gənclərə, gənclərin məşğulluğuna xüsusi diqqət yetirməklə əmək fəaliyyətində həssaslığının azaldılması, institutların və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi və həmçinin beynəlxalq əmək standartlarına hörmətin artırılması müəyyən edilmiş prioritetlərə daxildir. Beləliklə, əməkdaşlıq tarixçəmiz müsbətdir və gələcəklə bağlı yaxşı perspektivlərin olduğunu düşünürəm.

Bu sənəd BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi ilə də tam uyğunluq təşkil edəcək.

–Son illərdə gənclərin məşğulluğu sahəsində Azərbaycanla BƏT-in birgə layihələri uğurla icra olunub: "Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək", "Gənclərin məşğulluğu - öz biznesinə başla" kimi layihələr. Bu layihələrin davamı olacaqmı?

–Biz Azərbaycanda hökumətin böyük önəm verdiyi gənclərin məşğulluq imkanları, həmçinin dövlət məşğulluq xidmətlərinin müasirləşdirilməsi məsələləri ilə bağlı əməkdaşlıq etmişik. Bundan başqa, pandemiya şəraitində də vacib rolu olan qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid kimi vacib məsələdə, həmçinin Azərbaycanda sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi sahəsində də birgə işlər görmüşük.

Ölkənizdə iqtisadi fəaliyyətin və məşğulluğun şaxələndirilməsinin zəruriliyi ilə bağlı Bakıda çox səmimi söhbətlərimiz olub. Biz karbohidrogen sektorunun əhəmiyyətini başa düşürük, lakin gələcəyə hazır olmaq lazımdır. Ölkənizdə gənclərin məşğulluğu sahəsinə xüsusi önəm verilməsi məni ruhlandırır. Azərbaycan yalnız öz iqtisadiyyatının daha səmərəli fəaliyyət göstərməsi istiqamətində çalışmır, o həm də öz iqtisadiyyatını şaxələndirərək gələcəyin iqtisadiyyatını qurur. Beləliklə, uğurlu əməkdaşlığımızın əsasını təşkil edən elementlərdən biri də budur.

Gənclərin məşğulluğu sahəsində Azərbaycanla BƏT-in son illərdə uğurlu birgə layihələri icra olunub və yeni Ölkə Proqramında müəyyən edilmiş prioritetlərə uyğun olaraq biz bu cür layihələri davam etməyə hazırıq.

Azərbaycan hökumətinin çox fərqli sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində də gənclərin məşğulluğu ilə bağlı dəstəyini gördüm. Bəzən biz diqqətimizi kifayət qədər dar çərçivədə cəmləyirik, lakin mən çox şadam ki, Azərbaycan hökuməti ölkənizin müxtəlif yerlərində müxtəlif sektorlarda gənclərin məşğulluğuna böyük diqqət ayırır. Bəli, biz gənclərin məşğulluğuna xüsusi diqqət ayırmaqla Azərbaycanla bu istiqamətdə birgə işləyəcəyik.

–Pandemiya dövrü əmək bazarında sabitliyin, iş yerlərinin, əməkhaqlarının qorunmasında üçtərəfli (hökumət, həmkarlar və işəgötürənlər) sosial dialoqun, eləcə də korporativ sosial məsuliyyətin önəmini bir daha təsdiqlədi. Bunlar, yəni üçtərəflilik (tripartizm) isə BƏT-in əsas prinsipini təşkil edir. Təşkilat bu istiqamətdə hansı yeni təşəbbüslərə meyillidir.

–BƏT-in təməl prinsipini təşkil edən üçtərəflilik - hökumət, işçilər və işəgötürənlər arasında dialoqdur. Üçtərəflilik prinsipinin təcrübənin də göstərdiyi kimi yalnız ideologiya deyil, hökumət nümayəndələri ilə bir araya gələrək həll yolları istiqamətində işləmək üçün çox praktik bir alətdir. Biz sosial dialoqun effektiv işləməsini təmin etməliyik. Məncə bunun üçün əsas 2 faktor vacibdir - siyasi iradə və dialoq. Bəzi ölkələrdə hökumətlər özəl sektor və həmkarlar ittifaqları ilə birgə işləməkdə o qədər də maraqlı olmurlar. Belə olan halda, biz siyasi iradə formalaşdırmalı və üçtərəflilik prinsipinə əsaslanmalıyıq. İkincisi, biz əmin olmalıyıq ki, təşkilatların imkanları bəzən yüksək texniki və mürəkkəb problemlərin həlli ilə effektiv şəkildə məşğul olmaq üçün kifayət olsun. Beləliklə, bizim BƏT olaraq güclü və bacarıqlı həmkarlar ittifaqları və işəgötürənlər təşkilatlarının yaradılmasına kömək etmək kimi öhdəliyimiz var ki, bu qurumlar həmin dialoqda təmsilçi, həm də bacarıqlı tərəfdaş kimi çıxış edə bilsinlər. Əks halda, həmin dialoq kifayət qədər effektiv olmaya bilər.

AZƏRTAC