Beyləqan: 174 medalla şərəfli adı daşıyanlar 
Sosial həyat

Beyləqan: 174 medalla şərəfli adı daşıyanlar 

Beyləqan rayonunda Silahlı Qüvvələrin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, Hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə  ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini andılar. Sonra Cərciz Peyğəmbər ziyarətgahında yaradılan Şəhidlər Xiyabanı ziyarət olundu, məzarlar üstünə gül dəstələri qoyularaq şəhidlərimizin ruhuna dualar oxundu. Mədəniyyət Sarayında davam etdirilən  tədbirdə Azərbaycan Himni səsləndirilərək, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev bildirdi  ki, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımız işğaldan azad edilib. Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi. Torpaqlarımız düşmən tapdağından azad edildi. 30 illik həsrət sona çatdı və biz o torpaqlara qayıtdıq. İcra başçısı vurğuladı ki, bu tarixi qələbənin əldə edilməsində Beyləqan rayonunun qəhrəman oğullarının da misilsiz əməyi var. Yaşadığımız bu sevincli günlər üçün şəhidlərimizə, qazilərimizə və bütün döyüşçülərimizə borcluyuq. Onlar tərəddüd etmədən canlarını fəda edərək erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərin, şəhidlərimizin qisasını aldılar. Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də beyləqanlılar ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda müharibədə canlarından keçdilər, şəhid oldular.

Ordumuzun 44 günlük müharibədəki  parlaq  qələbəsindən, hərbçilərimizin göstərdikləri şücaətindən   danışan     Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin   Beyləqan   Rayon Şöbəsinin rəisi Əlisafa Məmmədov  qeyd  etdi  ki,  şəhid ailələri, müharibə iştirakçıları dövlətimizin  qayğısı  ilə əhatə olunublar.  Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək Qarabağımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən Beyləqan rayonundan olan şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına 174 medal verilibdir.  Bunlardan   108-i  şəhid  ailəsinə,  66-sı  qazi  və  müharibə  iştirakçısına “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Hərbi xidmətə görə” və “Döyüşdə fərqlənməyə görə” medalları təqdim edildi.

Tədbirdə şəhid valideynləri çıxış edərək, xalqımıza qələbə sevincini yaşadan övladları ilə qürur duyduqlarını və onların qəhrəmanlıqlarını dəyərləndirilərək orden və medallarla təltif edən Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini   bildirdilər.

           Ərəstun   ABDULOV,      

            “Respublika”.