Beyləqan: Şəhid Vüqar Məmmədovun oğlu dünyaya gəlib
Region

Beyləqan: Şəhid Vüqar Məmmədovun oğlu dünyaya gəlib

30  illik həsrətə son qoyaraq düşmən tapdağında olan torpaqlarımızın işğaldan  azad edilməsində respublikamızın bütün  bölgələrində  olduğu  kimi, Beyləqan  rayonunun  igid, mərd oğulları da döyüşlərdə əsl qəhrəmanlıq göstərərək uca  zirvəyə -- Şəhidlik zirvəsinə  yüksəldilər. Bu gün  respublikamızın hər yerində, o cümlədən Beyləqan  rayonunda şəhidlərimizin, Vətən  müharibəsində adlarını hərb tariximizə  qızıl  hərflərlə yazdıran  igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğul və qızlarımıza,  onların ailələrinə dövlətimiz tərəfindən  yüksək səviyyədə  daim diqqət və qayğı göstərilir.  Qeyd  edək  ki, İkinci Qarabağ  müharibəsində  qəhrəmanlıqla döyüşərək  şəhidlik zirvəsinə  yüksələnlərdən biri  də Beyləqan rayon Qəhrəmanlı qəsəbə sakini Məmmədov Vüqar Xaləddin oğludur. Ölkəmizin ərazi bütövlüyü uğrunda başlanan Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhid Vüqar Məmmədov Qubadlının azadlığı uğrunda gedən  şiddətli  döyüşlərdə  iştirak  edərək bu igidliyin, cəsarətin, qorxmazlığın əsl nümunəsini göstərib. Vüqar oktyabrın 20-də elə həmin istiqamətlərdə gedən  şiddətli döyüşlərdə  qəhrəmancasına şəhid olub.

Bu gün Beyləqan Rayon Mərkəzi Xəstəxanasında qəhrəman şəhid Vüqarın oğlu dünyaya gəlib. Şəhidin övladına elə şəhidin adı - Vüqar adı verilib. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova, Vətən müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Heybət Əliyev balaca Vüqara və şəhidin ailəsinə rayon mərkəzi xəstəxanasında baş çəkərək şəhidimizin övladının dünyaya gəlməsi münasibətilə ailə üzvlərini rayon rəhbərliyi adından təbrik edib. Eyni zamanda, “YAŞAT” Fondu tərəfindən şəhidin övladı ziyarət olunub və şəhidin yeni dünyaya gəlmiş övladına 5000 manat həcmində müavinət təqdim edilib. Sonra rayon icra aparatının nümayəndələri  şəhidin ailəsi ilə birlikdə məzarını ziyarət ediblər.

Ərəstun ABDULOV,

“Respublika”.